Rusiya və Almaniya xarici işlər nazirləri bəyan ediblər ki, onlar İranla bağlanmış nüvə sazişinin xilas edilməsi üçün birlikdə işləyirlər. Bundan əvvəl, mayın 9-da Donald Tramp ABŞ-ın 2015-ci il sazişindən çıxdığını bəyan edib.
Mayın 10-da Moskvada Heiko Maasla görüşdən sonra Sergey Lavrov bildirib ki, ABŞ-ın hər hansı yeni sanksiyalarının Tehranla 6 dövlət arasında imzalanmış tarixi sənədi məhv etməməsi çox mühümdür.
Lavrov əlavə edib ki, sazişin iştirakçıları olan Rusiya, Almaniya, Çin, Britaniya və Fransa “regional sabitlik üçün bu çox mühüm sənədin qorunub saxlanmasına” çalışmalıdırlar.
Maas deyib ki, Trampın qərarına baxmayaraq, Tehranın bu sazişin şərtlərinə sadiq qalması zəruridir. O, Rusiyanı bu məqsədlə İran üzərindəki təsir gücündən istifadə etməyə çağırıb.
Ağ Ev mayın 9-da bəyan edib ki, İrana qarşı yeni sanklsiyalar artıq gələn həftədən elan edilə bilər.
Maas deyib ki, o, Vaşinqtona yeni sanksiyaların təbiəti barədə əlavə məlumat üçün müraciət edib.
Almaniya xarici işlər nazirinin sözlərinə görə, ən böyük narahatlıq bu sanksiyalardan Avropa şirkətlərinin Amerikadakı biznesinin necə təsirlənəcəyindəndir.
ABŞ-ın yeni sanksiyalarının İranın neft sektorunu hədəfləyəcəyi bildirilir. Bu, İranın hazırkı günə 4 milyon barrel hasilatını 200-600 min barrel arasında azalda bilər.
Çin İranla nüvə sazişinə sadiq qaldığını, İranın neft ixracının üçdə birini almaqda davam edəcəyini bildirib.
Çin açıqlamanı mayın 9-da verib. O, İranla nüvə sazişini imzalamış ölkələrdən biridir və Birləşmiş Ştatların sənəddən çıxmağa qərar verməsinə baxmayaraq, ona əməl edəcəyini deyib.
Çin İran neftinin ən böyük alıcısıdır.