Almaniyanın 16 regionunun qubernatorları ilə məsləhətləşmədən sonra Almaniya kansleri Angela Merkel çərşənbə günü ölkədə koronavirusa yoluxma hallarının sürətlənməsinin qarşısını almaq üçün yeni məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.
Qubernatorlarla virtual görüşündən sonra Berlində keçirilən brifinqində Merkel deyib ki, məhdudiyyətlər bütün ölkə boyu deyil, virusun artdığı regionlarda tətbiq ediləcək.
"Buna nail olmaq üçün infeksiyaların yayılma tezliklərindən asılı olaraq, minimum standartlara malik olmalıyıq" - deyə, Merkel bildirib.
Almaniya kansleri 100 min sakini olan bökgədə 35-dən çox yeni yoluxma halı qeydə alındığı təqdirdə ictimai yerlərdə toplantılara qatılanların sayının 50 ilə məhdudlaşdırılmalı olacağını, şəxsı evlərdə təşkil olunan tədbirlərə isə 25 nəfərdən çox insanın qatılmayacağını deyib.
O, hər 100 min sakindən koronavirusa azı 50 nəfərin yoluxduğu yerlərdə isə bu rəqəmlər 25 və 10-a endirilməli olacağını bildirib.
Merkel qarşıdakı aylarda havanın dəyişməsinə görə daha çox insanın içəridə vaxt keçirəcəyi üçün yoluxma nisbətinin artacağını gözlədiyini, yoluxma nisbəti son üç ayda olduğu kimi davam edərsə, gündəlik yoluxanların sayının üç ayda 19 200-ə yüksələ biləcəyini deyib.