Amnesty International insan haqları qrupu bildirib ki, Suriya hökuməti minlərlə məhbusu qətlə yetirib və onların cəsədini kütləvi qəbiristanlıqda basdırıb. Bu akt müharibə cinayəti və insanlığa qarşı cinayət hesab edilir.
Yeni açıqlanan bəyənatda deyilir ki, 2011 və 2015-ci illər arasında beş mindən 13 minə qədər məhbus qətlə yetirilib və Dəməşq yaxınlığında Saydnaya həbsxanasında edamların dayandırıldığına dair heç bir əsas yoxdur.
Amnesty bildirib ki, qətlə yetirilənlərin əksəriyyətinin prezident Bəşar Əl-Əsəd hakimiyyətinə qarşı çıxan mülki vətəndaşlardan ibarət olduğuna inanılır.
Təşkilatın araşdırmalar üzrə rəhbərinin müavini Lin Maaluf Beyrutda çıxışı zamanı edam hallarının qanuna demək olar ki məhəl qoyulmadan həyata keçirildiyini deyib.
“Bu edam halları bir və ya iki dəqiqə davam edən saxta məhkəmə proseslərindən sonra həyata keçirilib. Amma edam qərarları yüksək vəzifəli rəsmilər tərəfindən, məsələn Suriya müftisi, Suriyanın baş müftisi və ya müdafiə naziri tərəfindən verilib. Orada dara çəkilmə kimi edam hallarına nəzarət edən heyət var və edam hallarının daha yüksək səviyyəli rəsmilərin xəbəri olmadan həyata keçirilməsi mümkün deyil” deyə Lin Maaluf bildirib.
Hesabat keçmiş gözətçilər, məhbuslar, hakimlər və vəkillər də daxil olmaqla 80-dən çox şahidlə müsahibəyə əsaslanır. BMT Təhlükəsizlik Şurasının Suriya hökumətindən bütün həbsxanalara müstəqil monitorinq qrupu göndərilməsi və vəziyyətin yerində nəzərdən keçirilməsini tələb etməsi tövsiyə edilir.
Suriya hökuməti əvvəllər beynəlxalq insan haqları qrupları tərəfindən sənədləşdirilən qətliam hallarını təkzib edib. Suryanın Xarici İşlər Nazirliyi Amerikanın Səsinə məsələ ilə bağlı şərh verməkdən imtina edib.