Accessibility links

DAK İranda türk dilində məktəblər açılmasını tələb edir


Dünya Azərbaycanlıları Konqresi (DAK) İran rəsmilərindən zorakı fars-şovinist siyasətinə son qoymağı, ölkə xalqlarının ana dilində yazıb-oxumaq istəyinə sayğıyla yanaşılmasını və Azərbaycan türklərinin ana dilində təhsil haqqını bərpa etməyi tələb edir. Bu barədə DAK İdarə Heyətinin İranda yaşayan xalqların, o cümlədən Azərbaycan türklərinin milli haqları uğrunda mübarizələrini dəstəkləyən bəyanatında deyilir.

2010-cu ildə İran Mədəniyyət Nazirliyinin sorğusu əsasında azərbaycanlıların yaşadığı əyalətlər
2010-cu ildə İran Mədəniyyət Nazirliyinin sorğusu əsasında azərbaycanlıların yaşadığı əyalətlər

Sənəddə bildirilir ki, DAK İranda yaşayan soydaşlarının Ana dili hərəkatını bəyənir və müdafiə edir.

“Ana dilinin tədrisi, öyrədilməsi və qorunması uğrunda İran türklərinin apardıqları mübarizə xalqın ölüm-dirim məsələsidir,” bəyanatda deyilir.

Rəsmi Tehran DAK-ın bəyanatına hələ münasibət bildirməyib.

Müxtəlif mənbələrdə İranda yaşayan azərbaycanlıların sayı 15 - 35 milyon arasında göstərilir. Bu İran əhalisinin 18% - 50% deməkdir. Buna baxmayaraq İranda azərbaycanıların kompakt yaşadığı Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və digər ostandarlıqlarında belə Azərbaycan dilində məktəblər yoxdur.

İranda yaşayan azərbaycanlılar dəfələrlə öz dillərində məktəblərin açılması təşəbbüsü ilə aksiyalar keçrib, ölkə parlamentində məsələ qaldırıb.

Dünya Azərbaycanlıları Konqresi (DAK) dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilat 1997-ci ildə ABŞ-da yaradılıb. Onun dünyanın otuzadək ölkəsində şöbələri var.

Hər il dünyada fevralın 21-i “Ana Dili” günü kimi qeyd edilir.

XS
SM
MD
LG