Türkiyə bu ayın əvvəlində dörd ölkənin iştirakı ilə Suriya sammiti keçirəcək və bu sammit prezident Rəcəb Tayyib Ərdoğan üçün diplomatik qələbə olaraq görülür. Fransa, Rusiya və Almaniya liderlərinin planlaşdırılmış görüşünün əsas müzakirə mövzusu Suriyanın bərpası olacaq və Ərdoğan gözlənilən tikinti işlərində Türkiyənin aktiv iştirakını təmin etməyə çalışacaq.
Bərpa işlərinin zamanlaması Türkiyənin xeyrinədir. Belə ki, bu il türk lirəsinin dəyər itirməsindən sonra ölkənin iqtisadiyyatı tənəzzüllə üzləşir. İqtisadi çətinliklərin ən böyük təsirinə xüsusilə də Türkiyənin inşaat sektoru məruz qalıb. Bir çox tikinti şirkətinin maliyyə problemləri yaşadığı deyilir. İnşaat isə Türkiyədə ən çox insanı işlə təmin edən sektordur.
Sabiq türkiyəli diplomat Aydın Selcenin sözlərinə görə, Türkiyə staqflasiya ilə, yəni inflasiyanın artdığı, iqtisadi artımın yavaşladığı və işsizlik səviyyəsinin yüksək olduğu vəziyyətlə üzləşir. Antep, Hatay və Kilis yaxınlığında Suriyanın yeni bazar olaraq açılması Türkiyə üçün çox vacibdir.
O deyir ki, bərpa işləri başlayanda Türkiyə Bəşər Əsədin hakimiyyətdə qalmasına göz yuma bilər.
Münasibətlərin bərpası
Ankara Suriya vətəndaş müharibəsi başladığı zaman Dəməşqlə diplomatik münasibətləri kəsdi və hələ də Əsədi hakimiyyətdən getməsini dəstəkləyir. Lakin Türkiyənin inşaat sektoru problemlərlə üzləşdiyi üçün təhlilçilər düşünür ki, Ərdoğan Dəməşqlə münasibətləri bərpa etməkdə maraqlıdır.
Lakin Dəməşq Türkiyə şirkətlərinə qarşı əliaçıq deyil. Əsəd Suriyanın dağılmasına görə, üsyançıları dəstəkləyən Ərdoğanı günahlandırır.
Amma Ankara Əsədin xeyirxahlılığından asılı vəziyyətdə deyil. Türkiyə terror təşkilatı və təhlükəsizliyə hədə olaraq gördüyü İslam Dövləti qrupu və kürd YPQ yarı-hərbi dəstələrinə qarşı keçirdiyi bir sıra hərbi əməliyyatlar nəticəsində Suriyanın şimalında böyük ərazinin nəzarətini ələ keçirib.
Təhlilçilər Ankaranın Suriya ərazinə nəzarətindən istifadə edərək Dəməşq üzərində güc əldə edəcəyini deyir.
Türkiyənin inşaat şirkətləri artıq Ankaranın nəzarətində olan Suriya ərazilərində tinkinti layihələri başladıb. Lakin müşahidəçilər deyir ki, Ərdoğan Suriyanın ikinci ən böyük şəhəri olan Hələbin bərpa işlərini ələ keçirmək istəyir.
Moskvadan yardım
Təhlilçilərin sözlərinə görə, Ankara bu planlarını həyata keçirmək üçün Moskvanın dəstəyini istəyəcək.
Türkiyə Bəşər Əsədlə danışıq aparmır. Amma bu o demək deyil ki, Türkiyə bərpa işlərində rol oynamayacaq. Onlar Rusiya vasitəsilə bunu edəcək. Rusiya Suiyada mövcudluğunu həmişə davam etdirəcək.
Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Suriyada əməkdaşlıq baxımından yaxın münasibət qurub.
İki tərəf Suriya müharibəsində rəqib tərəfləri dəstəkləsə də, təhlilçilər deyir ki, onlar münaqişəyə son qoymaq üçün bir birilərinə ehtiyaclarının olduğunu bilir.
Onlar həmçinin söyləyir ki, Suriyanın bərpa işlərini maliyyələşdirən tərəf tikinti bumundan kimin faydalanacağını müəyyən edəcək. Birləşmiş Millətlər Təşkilatı Suriyanı bərpa etməyin 388 milyard dollara başa gələcəyini təxmin edir.
Ümumi sərhəd
Türkiyə Suriya ilə ən uzun sərhədə sahib olduğu və regionun ən böyük və ən çox inkişaf etmiş iqtisadiyyatı olduğu üçün təhlilçilər Türkiyənin Suriyanın tikinti bumundan çox faydalanacağını düşünür.
Əgər Türkiyə şirkətləri Suriyada bu dəyərli müqavilələri əldə edə bilməsə belə, bərpa işləri başlayandan sonra Türkiyə ora ərzaq məhsulları və tikinti malları ixrac edərək, yenə də çox gəlir əldə edəcək.