Accessibility links

Apellyasiya Məhkəməsi AXCP funksionerinin şikayətini təmin etməyib


Məmməd İbrahim
Məmməd İbrahim

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsindən verdiyi şikayəti təmin etməyib.

O, iyulun 15-də “Qarabağ aksiyası” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Məmməd İbrahimə qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (zərər çəkmiş şəxsə böyük ziyan vurmaqla əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərin təşkili və ya belə hərəkətlərdə fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq tətbiq etmək) və 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) maddələri üzrə ittiham irəli sürülüb. Bu maddələr üzrə fəalı 20 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Apellyasiya Məhkəməsində Məmməd İbrahim həbsinin əsassız və qanunsuz olduğunu bildirib. O qeyd edib ki, iyulun 14-15-də keçirilən aksiyada, ümumiyyətlə iştirak etməyib və heç kimi bu nümayişə göndərməyib, hansısa qanunsuz hərəkətlərə təhrik etməyib.

Məhkəmə fəalın günahını təsdiq edən hər hansı səhih sübutların olmaması barədə müdafiə tərəfinin dəlillərinə baxmayaraq, şikayəti təmin etməyib.

Məmməd İbrahimin vəkili deyib ki, qətimkan tədbirinin seçilməsi və ya ondan şikayət verilməsi ilə bağlı məsələlərdə ali instansiya Apellyasiya Məhkəməsidir.

Buna görə də həbsdən şikayət vermək üçün daxili mexanizmlər tükənib və müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Bununla yanaşı, Mustafayev qeyd edib ki, müdafiə tərəfi İbrahimin həbsdən azad edilməsi üçün digər hüquqi addımları davam etdirəcək və qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə birinci instansiya məhkəməsində vəsatət qaldıracaq.

Mustafayev deyib ki, Məmməd İbrahim ruh yüksəkliyini qoruyub saxlayır, saxlanma şəraitindən və onunla rəftardan şikayəti yoxdur.

Lakin Məmməd İbrahim 15 iyul aksiyasından sonra həbs edilmiş oğlu Mehdi İbrahimovun taleyindən narahatdır.

AXCP funksionerinin iqtidarada olan Yeni Azərbaycan Partiyasının üzvü olan oğlu Mehdi İbrahimov karantin qaydalarını pozaraq COVİD-19 infeksiyasını yaymaqda ittiham olunaraq həbs edilib. O 14-15 iyul aksiyasında iştirak edib. Müdafiə tərəfi Mehdi İbrahimovun insident törədənlərin arasında olmadığını və bunu sübut edən hər hansı video, foto faktın olmadığını bildirir. Mehdi İbrahimovun ailəsi onun COVİD-19 İinfeksiyasının dağıyıcısı olmadığını və karantinə alınmadığını deyib.

AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.

“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər hazırda inzibati həbsdədir, 13 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə hazırda AXCP-nin 42 fəalı siyasi sifarişlə həbsədədir. İki nəfərin taleyi hələ məlum deyil,” məlumatda qeyd edilir.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

SEE ALSO:

Vaşinqton Bakıya: Azərbaycanlılar öz haqlarını ifadə etməyə layiqdir

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib.

SEE ALSO:

Washington Post: Əliyevin hədəfi müxalifəti bitirməkdir

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

XS
SM
MD
LG