Accessibility links

ABŞ Ermənistanın iki şirkətinə sanksiyalar tətbiq edib


Birləşmiş Ştatlar Ermənistanın iki şirkətinə - “Markel” QSC və Rabitə Vasitələri üzrə Yerevan Elmi-tədqiqat İnstitutuna (ЕрНИИСС) sanksiyalar tətbiq edib. Bu haqda AzadlıqRadiosu-nun erməni xidməti yazır.

ABŞ Ticarət Nazirliyinin rəsmi məlumatında deyilir ki, bu şirkətlər Birləşmiş Ştatların milli təhlükəsizliyinə təhdid yaradan qurumların siyahısına salınıb – onlar ABŞ-ın maraqları, yaxud xarici siyasətinə zidd fəaliyyətlə məşğul olublar.

“ЕрНИИСС ABŞ-ın Sənaye və Təhlükəsizlik Bürosunun “Kommersiya nəzarəti siyahısı”na salınmış malları gərəkən lisenziya olmadan alıb və təkrar ixrac edib. Qurumun icraçı direktoru qara siyahıya salınmış digər şirkətə – Markel QSC-yə də başında durur”, – məlumatda deyilir.Rəsmi məlumatda vurğulanır ki, Markel QSC “Amerikanın sanksiyaları altında olan İran təşkilatları ilə biznes qurub”.

Ermənistan şirkətləri ilə yanaşı sanksiya siyahısına Rusiya, Gürcüstan, Belçika, Böyük Britaniya, Kanada, Çin və Honq Konqdan da 15 şirkət salınıb. Bu şirkətlərin bundan sonra ABŞ-dan məhsul alması qadağan olunur. Məhdudiyyət avqustun 14-dən qüvvəyə minir.

ABŞ Prezidenti Donald Trump ötən il İranla 2015-ci il nüvə sazişindən çıxıb və Tehrana sanksiyaları bərpa edib. Trump məqsədin İranı nüvə silahı hazırlamaqdan çəkindirmək, regiondakı ziyanlı fəaliyyətinə son verməyə məcbur etmək olduğunu deyir.

İran isə nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

XS
SM
MD
LG