Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmlər namizədi İsmayıl Əsədov Liviya inqilabı dövründə bu ölkədəki keçmiş SSRİ səfirliyində baş tərcüməçi - mütəxəssis olub. O Amerikanın Səsi radiosuna müsahibəsində Liviyadakı hazırkı durum, ölkənin idarə edilməsi sistemi, Müəmmər Qəzzafinin “Yaşıl kitabı”, hökumət-xalq münasibətlərindən danışıb.
Sual: Liviyadakı mövcud durumu necə qiymətləndirirsiniz? Situasiyanın sonunda nə olacaq?
Cavab: Hazırda Liviyada çox ağır vəziyyət yaranıb. Müəmmər Qəzzafini Hüsnü Mübarəkin taleyi gözləyir. Xalq paytaxt Tripolinin 20 kilometrliyinədək irəliləyib. Artıq, xalq keçmiş SSRİ-nin atom mərkəzi olmuş Trabus şəhərindədir. Hesab edirəm ki, yaxın günlərdə Müəmmər Qəzzafi hakimiyyəti tərk edəcək.
Sual: Siz Müəmmər Qəzzafinin dövründə Liviyada baş tərcüməçi olubsunuz. O, dövrdə hökumət-xalq münasibətlərində əsas ziddiyyətlər nə idi? Hazırkı böhranın əsas səbəbləri nədir?
Cavab: O vaxt böhran yox idi, əksinə Liviya Sovet İttifaqı ilə əməkdaşlıq edən bir nömrəli ölkə idi. Keçmiş SSRİ-dən, o cümlədən Azərbaycandan çoxsaylı neft və digər sahələrin mütəxəssisləri, həmçinin tərcüməçilər Liviyada çalışırdı. Liviya keçmiş SSRİ-nin bir nömrəli iqtisadi tərəfdaşı idi.
İndiki böhranın səbəblərinə gəlincə, razılaşaq ki, Müəmmər Qəzzafinin 41 il 7 ay hakimiyyətdə qalması Ginnesin rekordlar kitabına düşməlidir. Bu qədər hakimiyyətdə qalmaq xalqı bezdirib, onun ailəsinin geniş korrupsiya şəbəkəsi var. Misirdə, Tunisdə, Əlcəzairdə, Omanda və digər ərəb ölkələrində də böhranın birinci səbəbi siyasi liderlərin həddən çox hakimiyyətdə qalmasının xalqı qəzəbləndirməsidir.
Sual: Böhranın yaranmasında Qəzzafinin övladlarının qanunsuz hərəkətləri nə qədər rol oynayıb?
Cavab: İnqilab dövründə Qəzzafinin övladları ölkədə o qədər də populyar deyildi. İndi onun övladlarının qanunsuz hərəkətlərini televiziyada göstərirlər.
Sual: Hazırda keçmiş ədliyyə naziri xalqın nəzarətində olan hissəsində müvəqqəti hökumət yaratdığını bəyan edib. Bu nə dərəcədə realdır?
Cavab: Müəmmər Qəzzafi 1969-cu il sentyabrın 20-də hakimiyyətə gəlib. O zaman da keçmiş siyasi lider Məlik İdrisə qarşı inqilabi hərəkat da məhz, Benqazidə başlamışdı. İndi müvəqqəti hökumət başa düşür ki, son 42i ildə ölkədə Nazirlər Kabineti, parlament olmayıb. Yalnız müxtəlif komitələr təşkil edilib. Müəmmər Qəzzafi bir yaşıl kitab yazıb və ölkə o kitabla idarə edilib. Ona görə də, müsbət bir şəxsiyyətlər hakimiyyətə gəlməlidir ki,ölkə idarə edilən olsun. Ölkə hazırkı xaos vəziyyətdə yaşaya bilməz. Liviya əhalisinin sayı çox olmasa da, çox varlı ölkədir.
Sual: Vətəndaş müharibəsi reallığı varmı?
Cavab: Vətəndaş müharibəsinin olacağını da istisna etmək olmaz. Düşünürəm ki, yaxın günlərdə Müəmmər Qəzzafui hakimiyyəti tərk edəcək.