Accessibility links

Dünyanın ən məşğul hava limanı 10 saat elektriksiz olub


ABŞ-ın cənub-şərqində yerləşən Atlanta şəhərinin beynəlxalq hava limanında bazar günü baş verən elektrik təminatının kəsilməsi insidentindən sonra hava limanı tam fəaliyyətini bərpa etməyə yalnız bazar ertəsi səhər saatlarında müvəffəq ola bilib. Elektrik kəsintisi olduğu müddətdə bütün təyyarə uçuşları təxirə salınıb.

Hartsfild-Cekson Hava Limanı təxminən 10 saat elektriksiz olub. Bu müddət ərzində daxil olan təyyarələri yaxınlıqda yerləşən digər regional hava limanlarına yönləndirmək mümkün olsa da, yola düşməyi planlaşdırılan təyyarələrin uçuşları təxirə salınıb. Nəticədə sərnişinlər hava limanının terminallarında və havaya qalxmamış təyyarələrdə gözləməli olublar.

“Mən düz yeddi saat təyyarədə, qidasız və susuz qalmışam. Sonra nəhayət onlar bizə təyyarədən çıxmağa icazə verdilər. Qaranlıq terminala daxil olanda isə hər kəsin yerdə yatdığını gördüm” - deyə, Mariam Qarbi adlı sərnişin bildirib.

Ərazinin elektrik təminatçısı Georgia Power şirkətindən verilən məlumata görə, elektrik kəsintisinin səbəbi hava limanını elektriklə təmin edən stansiyaya və kabellərə xəsarət vuran yanğın olub.

Atlanta şəhərində qərargahı yerləşən Delta Airlines bazar günü 900, bazar ertəsi isə 300 uçuşu təxirə salmalı olub.

Hartsfild-Cekson Hava Limanı 20 ilə yaxındır ki, dünyanın ən məşğul hava limanıdır. Atlanta şəhərindən 11 kilometr cənubda yerləşən bu beynəlxalq hava limanı ildə təxminən 100 milyon sərnişinə xidmət göstərir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG