Accessibility links

Avropa Elmi Araşdırma Şurasının prezidenti istefa verib


Avropa İttifaqının Elmi Araşdırma Şurasının rəhbəri koronavirus böhranı ilə mübarizə metodlarından məyus olaraq istefa verib.

Mauro Ferrari yanvarın 1-də Avropa Araşdırma Şurasının prezidenti təyin olunmuşdu. Ancaq Avropa İttifaqı Komissiyasının təmsilcisi Yohannes Bahrke onun bu vəzifədən istefa etdiyini bildirib.

Ferrarinin qəfil istefası və sərt tənqidi qlobal pandemiya ilə mübarizədə birlikdə işləməməkdə günahlandırılan Aİ qurumlarına yönlənən təzyiqi bir az da artırıb.

Bu xəbər ilk öncə "Financial Times" qəzetində Ferrarinin koronavirus xəstəliyinə Avropanın reaksiyasından son dərəcə məyus olduğunu söylədiyi bir bəyanata əsaslanaraq açıqlanıb. Bəyanatda Ferrari virusla mübarizə üçün elmi proqram qurmağa çalışarkən qarşılaşdığı siyasi və bürokratik əngəllərdən şikayətlənib.

"Mən həm elmin idarə olunması, həm də Avropa İttifaqındakı siyasi əməliyyatlardakı problemləri kifayət qədər gördüm və sistemin özünə inamımı itirdim." - deyə Ferrari yazıb.

Çərşənbə günü Avropa Komissiyası böhrana qarşı mübarizədə öz fəaliyyətini müdafiə edib və koronavirus böhranı ilə mübarizə üçün qısa müddətdə 18 tədqiqat və inkişaf layihəsinin seçildiyini bildirib. Avropa İttifaqı Araşdırma Şurasının daha 50 layihəsinin bu səylərə töhfə verdiyini vurğulayıb.

"Avropa İttifaqı koronavirusa qarşı geniş əhatəli tədbirlər paketinə sahibdir və böhranın həlli üçün ən böyük təsir göstərmək üçün müxtəlif vasitələrdən istifadə edir" - deyə, Aİ Komissiyasının icraçı direktoru bildirib.

Koronavirus Çindən İtaliyaya, Avstriyaya, İspaniyaya və digər Avropa ölkələrinə yayıldığı zaman Avropa İttifaqı bloka daxil olan 27 ölkənin sağlamlıq problemlərinə kifayət qədər diqqət yetirmədiyi üçün tənqid olunub.

Sağlamlıq problemləri ilk növbədə, blokun 27 ayrı millətinin cavabdehliyi olsa da, əlaqələndirilmiş cavab hazırlamaq üçün kifayət qədər güclü hərəkət etmədiyi üçün tənqid edilir.

Son bir ay ərzində Avropa İttifaqı ölkələri daha sıx işləməyə başlayıb və Aİ liderləri milyardlarla insanın gündəlik həyatına təsir etmiş pandemiyanın ictimai və iqtisadi zərərlərini yüngülləşdirmək üçün daha yaxşı əməkdaşlıq etməyi öhdəsinə götürüb.

Ancaq hələ də ortaq məxrəcə gəlmək mümkün olmayıb. İqtisadi və maliyyə cəbhəsində avro valyutasından istifadə edən 19 ölkənin nazirləri zəngin və yoxsul ölkələr arasında həmrəyliyi yaxşılaşdırmaq üçün maliyyə vəziyyətindən necə və nə dərəcədə istifadə edəcəyi mövzusunda bir irəliləyiş əldə edə bilməyib.

XS
SM
MD
LG