Accessibility links

Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı daha bir qərarı


Dekabrın 20-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan vətəndaşı Ramil Pirqurbanın ölkə hökumətinə qarşı şikayətilə bağlı qərarını elan edib.

AİHM R.Pirqurbanın Avropa İnsan Hüquqları Konvensiyanın 3 (işgəncə), 5 (qanunsuz həbs) və 6-cı (məhkəmə araşdırmasının ədalətsiz olması) maddələri üzrə hüquqlarının pozulduğunu tanıyıb.

Vəkil Əsabəli Mustafayev bildirib ki, AİHM işgəncənin polis tərəfindən verilməsi faktını tanıyıb və R.Pirqurbana 19 min avro məbləğində kompensasiya verilməsi barədə qərar çıxarıb.

2010-c ildə Sumqayıt polisi avtomobil alveri ilə məşğul olan R. Pirqurbanı və digər 2 nəfəri həbs edərək boyunlarına külli miqdarda narkotik maddə alveri ittihamı qoymaq istəyib. Əsl məqsəd onlardan külli miqdarda pul qoparmaq olub.

Saxlanılanlar tələb olunan pulu ödəyə bilməyiblər. Bunun əvəzində onlara qarşı qrup halında narkotik maddə satışı ittihami irəli sürülüb (sanksiya 5 ildən 12 ilə qədər).

R.Pirqurbanı möhkəm döyüblər, bədənini yanar siqaret və elektroşok ilə yandırıblar.

“Gənc olsa da artıq mayor rütbəsində olan müstəntiq bir sıra nöqsanlara yol verib, o cümlədən məhkəməyə qədər 48 saatlıq saxlama müddətini keçirib”, vəkil bildirib.

Vəkil onun barəsində xüsusi qərardad qəbul edilməsi barədə vəsatət qaldırıb.

“Mənim vəsatətimlə keçirilən ilk ekspertiza bütün xəsarətləri ört-basdır etdi. Mən yeni ekspertiza keçirilməsi barədə vəsatət verdim. Eyni zamanda müstəntiqdən baş prokurora və Daxili İşlər Nazirliyinə çoxlu sayda şikayətlər göndərdim. Mənim şikayətimlə əlaqədar Ombudsman Aparatından, digər təşkilatlardan yoxlama gəldi. Müstəntiqi istintaqdan kənarlaşdırdılar. Yeni ekspertiza keçirilən zaman istintaq müdaxilə etmədi. Ekspertin yeni rəyində Pirqurbanın döyülməsi, üzərində onlarla siqaret və elektroşokdan yanıqların olduğu göstərildi. Prokurorluqa cinayət işinin başlanması barədə verdiyim şikayət təmin edilmədi”, Ə.Mustafayev bildirib.

Eyni zamanda, Sumqayıt Şəhər Məhkəməsi işgəncə faktını tanıyıb. Bu qərardan prokuror protest versə də təmin olunmayıb. Qərar qüvvəyə mindikdən sonra da prokurorluq cinayət işinin başlanmasından imtina edib. Beləliklə, şikayət Avropa Məhkəməsinə gedib çıxıb.

“İstintaq maddəni 234.1-ə (narkotik) tövsif edib. Buna baxmayaraq, şikayətlər dayanmadı. Bu maddə ilə iş məhkəməyə getdi. Məhkəmədə dövlət ittihamçısı ittiham aktında olan nöqsanları bəhanə gətirərək işin geri qaytarılmasını tələb etdi. Əslində isə işə xitam verildi və Pirqurban azadlığa çıxdı.

Bir qədər sonra həmin mayor ayrı işlə əlaqədar həbs olundu. O, qardaşını yanıma göndərərək ancaq mənə etibar etdiyini və bu səbəbdən onun vəkili olmağımı xahiş etdi. Təqribən 10 000 dollar təklif olundu. Pula böyük ehtiyacım olsa da mənəvi dəyərləri əsas tutaraq təklifdən imtina etdim.

Demək istəyirəm ki, indi üstümüzə gedən bəzi vəzifəlilər nə vaxtsa məhz biz vəkillərə müraciət edəcəklərini unutmasınlar”, Ə.Mustafayev vurğulayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG