Accessibility links

Avstraliya məhkəməsi Sidneydə planlaşdırılan mitinqə icazə verməyib


Avstraliya məhkəməsi polisi dəstəkləyərək, Sidneydə planlaşdırılan "Qaraların həyatı mühümdür" (Black Lives Matter) etirazının koronavirusun yayılmasına çox böyük risk yaratdığına və keçirilə bilməyəcəyinə dair hökm çıxarıb.

Minlərlə insanın şənbə günü gündüz Corc Floydun xatirəsini anması və saxlanılan yerli avstraliyalıların qətllərinə etiraz olaraq, Avstraliyanın ən böyük şəhərində aksiya keçirəcəyi gözlənilirdi.

Lakin Yeni Cənubi Veyls ştatının Ali Məhkəməsinin hakimi Des Faqan bu mitinqin icazə ilə keçirilən bir toplaşma olmadığına qərar verib. Faqan mitinqin digər ölkələrdəki bənzər tədbirlərlə eyni vaxtda keçirilməsinin nəzərdə tutulduğunu anladığını deyib.

"Mən məsələnin əhəmiyyətini azaltmıram və normal vəziyyətdə heç kim mitinqi rədd etməzdi. Heç kim onların bu haqqını inkar etmir, lakin söhbət sağlamlıq böhranı vəziyyətindən gedir" - deyə, o bildirib.

Sidneydə açıq havada toplaşma 10 nəfərlə məhdudlaşdırılıb. Yas mərasimlərində, ibadət yerlərində, restoran və kafelərdə 50 nəfərdən artıq adam toplaşa bilməz.

Ştatın baş naziri Qladis Berejiklian təşkilatçıların əvvəlcə etirazı kiçik bir mitinq olaraq keçirməyi təklif etdiklərini deyib. O, etirazçıların sosial məsafə protokoluna əməl edəcəklərinə zəmanət verə bilmədiyini bildirib.

Berejiklian jurnalistlərə "Virusa qalib gəlmək üçün hamımız çox çalışmışıq və çox şeydən imtina etmişik" deyib.

Cümə günü səhər isə paytaxtdakı nümayişçilər ölkəyə irqi bərabərsizliyin tək ABŞ-ın problemi olmadığını xatırladıb.

Təxminən 2000 nəfərin toplaşdığı Kanberra mitinqinin təşkilatçıları nümayişçilərə maskalar və dezinfeksiya etmələri üçün əl təmizləyiciləri paylayıb. Aksiya iştirakçılarının əksəriyyəti tövsiyə olunan sosial məsafəni qorumağa çalışıb. Lakin çıxışları eşitmək üçün onlar bir-birinə yaxınlaşmalı olub. Kanberrada toplaşmalar 20 nəfərlə məhdudlaşsa da, polis mitinqə müdaxilə etməyib.

XS
SM
MD
LG