Bu gün, avqustun 12-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati həbsdə olan fəalları Sarvan Cumayev, Babək Muradov və Yaşar Kərimovun həbsindən verdiyi apellyasiya şikayətini təmin etməyib.
Bu barədə AXCP-nin məlumatında deyilir.
Hər üç fəalın vəkilləri Bakı Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyini bildirib.
Yaşar Cumayev iyulun 26-da, Babək Muradov və Yaşar Kərimov iyulun 30-da 30 sutka inzibati həbsə məhkum edilib.
Fəallar Azərbaycan Ordusuna dəstək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiyadaan sonra saxlanılıb və İnzibati Xətalar Məsəlləsinin 211.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddələri ilətəqsirli bilinib.
AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.
“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.
AXCP fəallarının həbsini siyasi sifariş hesab edir.
Qısa tarixcə və rəsmi məlumat
İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.
Yaranmış insidentlə bağlı cinayət işi qaldırlıb, çoxsaylı insan həbs edilib.
Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir.