Accessibility links

Jurnalistin hədələnməsi araşdırılacaq


Aynur Elgünəş
Aynur Elgünəş

“Meydan” TV İnternet resursu ilə əməkdaşlıq edən jurnalist Aynur Elgünəş ölüm təhlükəsi ilə üzləşdiyini bildirib. O, özünün Facebook səhifəsində yazıb ki, oktyabrın 4-də günorta bir şikayətçi zəng edib deyib ki, “Azərbaycan İnformasiya Agentliyi”ndən (aia.az) onu şantaj edirlər.

“Şikayətçi bildirdi ki, ona Elnarə adlı qadın telefonla zəng edib və deyib ki, Cənnət Cənnətova (redaktor) pul gətirməlidir, əks halda onunla bağlı materiallar yayımlanacaq. Şikayətçi Cənnət adlı şəxsin telefon nömrəsini verdi”, A.Elgünəş yazıb.

Jurnalist məsələni araşdırmaq üçün həmin nömrəyə telefonla zəng edib və özünü təqdim edib.

“Cavab verən şəxs harada işlədiyimi soruşdu, sonra dəstəyi asdı. Beş dəqiqədən sonra təkrar telefon edərək məni təhqir etdi, İsa Qəmbəri, “Meydan” TV-ni söyməyə başladı. Dedi ki, “sizin kimi müxalifətçiləri rədd etmək lazımdır”. Sonra bildirdi ki, onun agentliyi Mətbuat Şurasına tabedir”, A.Elgünəş yazıb.

Lakin Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov A.Elgünəşin sorğusuna cavab olaraq bildirib ki, belə media orqanı tanımır. O, oktyabrın 10-da Bakıya qayıtdıqdan sonra məsələni araşdıracağını vəd edib.

Mətbuat Şurasının digər üzvü Müşfiq Ələsgərli qeyd edib ki, Azərbaycan adı ilə mətbu orqan yaratmaq qadağandır, məqsəd “Azərbaycan” qəzetinin dublikatını çıxarmaqdır. M.Ələsgərli məsləhət görüb ki, A.Elgünəş Mətbuat Şurasına yazılı müraciət etsin.

A.Elgünəşə telefon zəngləri davam edib. “10-cu zəngdən sonra cavab verdim. O söydü, təhdid etdi. Səsini diktofona yazdım. Nömrəsini bloka atdım, bundan sonra müxtəlif nömrələrdən, əsasən görünməyən nömrələrdən zənglər gəldi. Sonuncu zəngində isə dedi ki, həyatım onun əlindədir. Hətta dedi ki, mənə görə əsəbləşib maşınını vurub, bunun xərcini ödəməliyəm”, A.Elgünəş yazıb.

Jurnalist Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. Oktyabrın 5-də isə ərizə ilə polisə müraciət edib.

Onun sözlərinə görə, diktafon qeydlərini saxlayıb və təhqiramiz ifadələri verməməklə onları dərc etmək niyyətindədir.

Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, bu hədələr tamamilə realdır. “Biz Baş Prokurorluğa müraciət edəcəyik. Bu şəxsin adı məlumdur. Əgər biz bunu açıqlamasaydıq təhdidlər həyata keçirilə bilərdi. Burada cinayət əlamətləri var: jurnalistin peşə fəaliyyətinə əngəl törətmək və ölüm hədəsi”, vəkil vurğulayıb.

“Azərbaycan İnformasiya Agentliyi”nin redaksiyasından Turan agentliyininsorgusuna cavab olaraq əksinə A.Elgünəşi təxribat və böhtanda ittiham ediblər, bununla bağlı bəyanat yayılacağını bildiriblər. Lakin bəyanat hələ ki yoxdur.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, jurnalistin şikayəti araşdırılacaq.

XS
SM
MD
LG