Accessibility links

Azərbaycanın 2021-ci ilin dövlət büdcəsi layihəsi - müxalif və müstəqil ekspert baxışı


2021-ci il dövlət və icmal büdcənin layihələri Azərbaycan Prezidenti tərəfindən Milli Məclisinə təqdim olunub.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 208,9 milyon manat və yaxud 5 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 117,1 milyon manat və ya 16,9 faiz çoxdur.

Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1 faizi həcmində və ya 18 milyard 14 milyon manat, əsaslı xərclərə 29,2 faizi həcmində və ya 8 milyard 330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7 faizi həcmində və ya 2 milyard 198,8 milyon manat vəsait yönəldiləcək.

2021-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 11 milyard 111,9 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 563,8 milyon manat və ya 5,3 faiz çoxdur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Gələn il Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12,2 milyard manat məbləğində nəzərdə tutulur.

Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədə, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 835,7 milyon manat və ya 7,4 % çoxdur.

2021-ci ildə Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 40 ABŞ dolları olması nəzərdə tutulub. Bu, 2020-ci illə müqayisədə 5 ABŞ dolları və ya 14,3 % çoxdur.

Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib ki, qeyri-neft sektorunun yaxşı inkişaf etməməsi səbəbindən yəqin ki, 2021-ci ildə büdcənin əsas hissəsi yenə də enerji dayışıcıları satışından gələn gəlirlər hesabına formalaşacaq.

“2021-ci ildə büdcə gəlirləri yalnız ilin sonuna doğru pandemiyanın səngiməsi, iqtisadi əlaqələrin yenidən qaydaya düşməsi və neftin qiymətinin dünya bazarında artması ilə mümkün ola bilər. 2021-ci il büdcəsində vəsaitlərinin bir qismi işğaldan azad edilmiş ərazilərimizin və hərbi potensialın bərpasına yönələcək. Məncə 2021-ci il büdcəsini sosial büdcə adlamdırnaq olmaz,” o qeyd edib.

İqtisadçı Nazim Bəydəmirli Amerikanın Səsinə müsahibəsində bildirib ki, pandemiya davam etdiyindən və postpandemiya dövrü üçün hökumət büdcənin tərtibində bir az ehtiyatlı davranıb.

“2021-ci ilin dövlət büdcəsinə baxdıqda ilk növbədə gözəçarpan dəyişikliyi nədə görürük? Büdcənin xərclər hissəsində dövlət əsaslı vəsait qoyuluşu kifayət qədər azaldılıb. Yəni, 2021-ci ilin dövlət büdcəsində 20,8 faiz nəzərdə tutulur. Bu təqribən 5,4 milyard manat nəzərdə tutulur. Eyni zamanda gözə çarpan bir də odur ki, dövlət borcu artır. Bu büdcənin 9.1 faizi, yəni təqribən 2 milyard 352 milyon manat edir. Dövlət hətta bundan əlavə 2021-ci ildə borclarla bağlı imzalanmış müqavilələrə görə əlavə borclanmaya gedəcək. Bu gözəçarpandır və bu mənada dövlət borclanmasının kritik həddə olmasıdır. Beynəlxalq instutlarla bağlanmış müqavilələr əsasında 2021-ci ildə təxminən 609 milyon manat yeni borclar yaranacaq,” o qeyd edib.

please wait

No media source currently available

0:00 0:07:49 0:00

Ekspert deyib ki, 2021-ci ilin dövlət büdcəsinin xərclərinin funksional təsnifatına baxdıqda görür ki, təhsilə vəsait 12.4 faiz azalıb.

“Sosial xərclərin ümumi çəkisi qonşu ölkələrlə nisbətdə azdır. Yəni, Gürcüstanla müqayisədə azdır. Yenə də vətəndaşların əsas problemi olan səhiyyəyə ayrılan vəsait kifayət qədər deyil. Səhiyyəyə 7,9 faiz vəsait ayrılır. Bu da icbari tibbi sığortanın tətbiq olunmamasaından irəli gəlir. Hesab edirəm ki, dövlət bu sahəyə, həm ekologiyaya, həm ətraf mühitin qorunmasına, həm də elmin inkişafına kifayət qədər vəsait ayırmalıdır.”

Onun dediyinə görə, sosial müdafiə və sosial təminat xərcləri büdcənin 14.6 faizidir.

“Bunları topladıqda (yəni təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə) sosial xərclər büdcənin ümumilikdə 40 faizini təşkil edir. Ancaq, qonşu Gürcüstanla müqayisə etdikdə, Gürcüstanın büdcəsinin təqribən yarısı sosial xərclərə yönəldilib. Bu da Gürcüstanda icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Tövsiyyə edərdim ki, 2021-ci ildə hökumət sosial siyasətdə Gürcüstan modelini tətbiq etsin və Səhiyyə Nazirliyi, Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi bir qurumda cəmləşsin. Bu səbəbdən gGürcüstanda dövlət idarəetmə xərcləri azdır.”

O bildirib ki, ümümi dövlət xidmət xərcləri büdcənin 16,7 faizini təşkil edir.

“Bu böyük rəqəmdir. Bir daha onu göstərir ki, dövlət idarəetmə xərcləri çoxdur və dövlət idarəetmə xərclərinin çox olması qurumların bir-birini təkrar etməsindən irəli gəlir. Nazirlər Kabinetinin böyük bir qurum olduğundan və bir çox ştatların şişirdilməsindən irəli gəlir. Buna diqqət yetirmək lazımdır. “

Bəydəmirli hesab edirm ki, dövlət iqtisadi fəaliyyətə dəstək verməlidir.

“Fikrimcə daha çox inhisarçılığı aradan qaldırmaqla, iqtisaqdi fəaliyyəti stimullaşdırmaqla, eyni zamanda kreditlərə əl çatanlığı təmin etməklə İqtisadiyyat Nazirliyi, həmçinin bütövlkdə hökumət addımlar atmalıdır.”

Gələn ilin büdcəsində infilyasiya 3 faiz civarında proqnozlaşdırılır.

Eksperet hesab edir ku, bu, pis rəqəm deyil.

“Nəzərə alaq ki, həmişə hökumətin infilyasiya ilə bağlı mövqeyi statistika baxımından yaxşı görünür, ancaq reallıqda onunla üst-üstə düşmür. 2020-ci ilin təcrübəsində də onu gördük. Müxtəlif rəqəmlər səsləndirilir, amma real infilyasiya hökumət səsləndirdiyindən 3 dəfə çox olur.”

İqrtisadçı makriqtisadi göstərici olaraq manatın kursunun dollara nisbətdə 1 manat 70 qəpik qalacağının proqnozlaşdırılmasını müsbət qəbul edir.

“Bu sosial müdafiə, vətəndaşların sosial təminatını normal saxlamaq üçün müsbət addım kimi qiymətləndirilməlidir. Baxmayaraq, biz həmişə hesab edirik ki, bu, bazar kursu deyil, valyutanın kursu inzibati yolla saxlanılır. Ancaq, indiki dönəmdə, əhalinin gəlirlərinin azaldığı bir vaxtda dolların kursunun manata nisbətdə qalxması mütləq əksəriyyətin ziyanınadır. Çünki Azərbaycan yenə idxaldan asılı ölkədir, bir çox mallar xarici valyuta ilə alınır və onların qiyməti kəskin bahalaşa bilər. Bu baxımdan, hökumətin sosial siyasəti ilkin baxışda büdcə prizmasından normal görsənir. Amma, yenə vurğunu müdüfiə xərclərinə və Qarabağın azad olunması ilə bağlı xərclər və hərbiçilərin təminaına vurğulayırıq. Sosial təminatda əsas meyarlardan biri hərbçilərin sığortası ilə bağlı olan məbləğdir. Hesab edirəm ki, 11 min manat çox az məbləğdir. Bunu ən azı 5 dəfə qaldırmaq mümkündür. Şəhid ailələrinə verilən qan pulu Azərbaycan dövlətinin imkanları çərçivəsində daha yüksək etmək mümkündür və bu zamanın tələbidir. Digər ölkələrlə müqayisədə etdikdə bu məbləğ çox aşağıdır,” o, qeyd edib.

XS
SM
MD
LG