Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər davam edir.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, oktyabrın 4-də Ermənistan Silahlı Qüvvələri Ermənistan ərazisindən Füzuli rayonunun, Gəncə şəhərinin ərazisini, Dağlıq Qarabağdan isə Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin ərazisini raket atəşinə tutmada davam edir.
Müdafiə Nazirliyi beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsi ilə erməni tərəfinə atəşin dayandırılması ilə bağlı xəbərdarlıq edildiyni bildirir.
“Ermənistan qoşunları Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrini son iki gün ərzində intensiv atəşə tutulur. Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək," xəbərdarlıqda bildirilir.
Erməni tərəfi hələ bu məlumata münasibət bildirməyib. Bununla yanaşı erməni rəsmi mənbələri bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır. Xüsusilə cənub istiqamətində gərginlik daha çoxdur.
“Təhlillər göstərir ki, Azərbaycan yeni hücuma başlayacaq. Biz onların hücumunu dəf etməyə hazırıq,” erməni rəsmi mənbəsinin məlumatında deyilir.
Oktyabrın 3-dəki döyüşlərin nəticələrinə görə, Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun 440-450 hərbiçisi öldürülüb, 3 təyyarə, 1 helikopter, 3 ədəd Smerç tipli raket qurğusu, 10 ədəd pilotsuz uçuş aparatı, 45 ədəd zirehli döyüş texnikası məhv edilib.
Nazirlik iddia edir ki, ümumilikdə Azərbaycan Ordusunun 2745 hərbiçisi öldürülüb, 7000 nəfər yaralanıb, 14 hərbi təyyarə, 14 hərbi helikopter, 123 pilotsuz uçuş aparatı, 4 Smerç tipli raket qurğusu, 355 zirehli döyüş texnikası vurulub.
Ermənistan Müdafiə Nazirliyi oktyabrın 3-də bildirib ki, erməni qüvvələrinin itkiləri daha 51 nəfər artaraq 203 nəfərə çatıb. Oktyabrın 3-də itkilər barədə hələ məlumat yaymayıb.
Azərbaycan Müdafiə Nazirliyi öz hərbi itkiləri barədə hələ məlumat yaymayıb. Oktyabrın 1-də erməni tərəfinin 2,300 canlı qüvvəsinin öldürüldüyünü bildirib.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 2-si axşam saatlarınadək erməni qoşunlarının 250 ədəd artilleriya, yayılım atəşli raket sistemləri, minaatanı, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı,130-dan artıq avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.
Müdafiə Nazirliyi oktyabrın 3-də günün sonunda bildirib ki, gün ərzində gedən şiddətli döyüşlər zamanı Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinə nəzarət ələ keçirilib.
“Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb,” nazirlik bildirib.
Döyüşlər zamanı mülki əhalinin yaşayış məntəqələrinin artilleriya və raket atəşinə tutulması nəticəsində itkilər var.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, Ermənistan silahlı qüvvələri tərəfindən əhalinin yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində oktyabrın 4-dək 22 nəfər həlak olub, 74 nəfər yaralanıb. 49 mülki obyektə, 248 yaşayış evinə ziyan dəyib.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.
“Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub.Yenə də Ermənistan ərazisindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində yaşayış məntəqələrinə raket atılmışdır. Ermənistanın bu hücumları nəticəsində mülki insanlar arasında həlak olan və yaralananlar vardır. Son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10.000-dən artıq müxtəlif növ mərmi və raket atılmışdır. 500-dən çox fərdi yaşayış evi tam dağılıb və ya ciddi ziyan dəyib. Hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslər, hərbi obyektlər və mülki obyektlər aydın şəkildə fərqləndirilməlidir. Hər hansı hərbi zərurət olmadan Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin kütləvi şəkildəbombarduman edilməsi təsadüfi xarakter daşımayaraq, məqsədyönlü şəkildə həyata keçirilir. Yaşayış məntəqələrinin Ermənistan tərəfindən sistematik şəkildə bombarduman edilməsi bu planın əvvəlcədən hazılandığını və Ermənistan silahlı qüvvələrinin döyüş və atəş hazırlığı proqramına daxil edilməsindən xəbər verir. Ermənistanın bu əməlləri Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüz və hərbi işğal siyasətinin tərkib hissəsidir. Bu məqsədlə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş kasetli bombalardan istifadə olunur,” o qeyd edib.
Hacıyev deyib ki, Azərbaycan silahlı qüvvələri mülki insanların təhlükəsizliyini təmin etmək üçün hədəflənmiş şəkildə və dəqiq atəşlə həmin atəş məntəqələrini sıradan çıxarır və adekvat tədbirlər görür.
Gəncə şəhər sakini Amerikanın Səsinə şəhərə mərmilərin düşdüyünü təsdiq edib. Onun sözlərinə görə, yaralananlar var. Mülki obyektlərə və yaşayış evlərinə ziyan dəyib.
“Şəhərimizə bir neçə mərmi düşdü. Mərmilərin düşdüyü yer evimizdən bir neçə kilometr aralı olsa da bizim də evlərimiz silkələndi,” sakin Amerikanın Səsinə deyib.
Gəncə şəhərinin digər sakini isə deyib ki, azı altı dəfə Gəncə şəhərinə raket zərbəsi endirilib.
"Raketlətdən biri evimizin yaxınlığındakı məktəbin həyətinə düşdü. Dağıntılar var," o qeyd edib.
Ermənistan tərəfi bildirib ki, Azərbaycanın dərinliklərində mühüm hərbi obyektlərə zərbələr endirilir.
Ermənistan rəsmiləri oktyabrın 4-də mülki itkilərlə bağlı məlumat yaymayıb.
Rəsmi Yerevan oktyabrın 2-də və 3-də Dağlıq Qarabağda və Ermənistanda mülki əhalinin atəşə məruz qaldığını bildirib. İndiyədək azı 11 nəfər mülki şəxs öldürülüb, 78 nəfər yaralanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində jurnalistərin fəaliyyət göstərməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyində akreditasiya olunmasının vacib olduğunu bildirir. Nazirlik jurnalistlərin özbaşına cəbhə bölgəsinə gedərsə onların təhlükəsizliyi üçün cavabdeh olmadığını bildirib.