Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri danışıqları yanvarda davam etdirəcək


ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və davamlı həlli istiqamətində işlərin davam etdirilməsinə razılıq verib.

Bu barədə dekabrın 5-də Milanda keçirilən görüşdən sonra ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir.

Həmsədr ölkələr cəbhə xəttində atəşkəsin pozulması hallarının xeyli azalmasını alqışlayır.

"Həmsədr ölkələr tərəflərə sentyabrda Düşənbədə keçirilmiş MDB dövlət başçılarının sammitində Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar çərçivəsində əldə edilən razılaşmaların həyata keçirilməsini davam etdirmək və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görmək xahişi ilə müraciət ediblər. Həmsədrlər yaxın gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında münaqişənin ədalətli və davamlı həlli üçün konkret nəticələrə yönəlmiş intensiv dialoqun bərpa olunacağına ümid etdiklərini bildirib", sənəddə qeyd edilir.

Həmsədr ölkələr tərəflərə sentyabrda Düşənbədə keçirilmiş MDB dövlət başçılarının sammitində Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar çərçivəsində əldə edilən razılaşmaların həyata keçirilməsini davam etdirmək və əhalini sülhə hazırlamaq üçün konkret tədbirlər görmək xahişi ilə müraciət ediblər.
Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatı

Bəyanatda bildirilir ki, Azərbaycanın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri münaqişənin sülh yolu ilə həllinə töhfə vermək və gərginliyin daha da azaldılması üçün intensiv işlərə sadiq olduqlarını təsdiqləyib.

"Bu məqsədlə və yüksək səviyyəli danışıqlara töhfə vermək üçün onlar 2019-cu ilin əvvəlində də ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi ilə görüşməyə razılaşıb", həmsədrlər qeyd edir.

Görüşün nəticələrini şərh edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zohrab Mnatsakanyan ilə baş tutmuş danışıqları mühüm hesab edir.

"Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb. Bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb", Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin Məmmədyarova istinadən yaydığı şərhdə deyilir.

Nazirlərin danışıqları ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şeferin (ABŞ) iştirakı ilə keçirilib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

Dağlıq Qarabağ
Dağlıq Qarabağ

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırki status-kvonun qəbuledilməz olduğunu bildirsə də danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

Nikol Paşinyan 2018-ci ilin mayında baş nazir olduqdan sonra Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaratsa da, artıq iki ölkənin xarici işlər nazirləri arasında danışıqlar bərpa edilib.

Sentyabrın 28-də İlham Əliyev və Nikol Paşinyan arasında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən görüşündə qeyri-rəsmi görüş olub. Bu görüşdə danışıqlara yeni impuls verib.

Belə ki, bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədləri okyabrın 29-dan noyabrın 2-dək Azərbaycan və Ermənistana səfərdə olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG