Accessibility links

Azərbaycanda 44 dərəcə isti olacaq


İyulun 20-də Azərbaycanın bəzi yerlərində havanın temperaturu 44 dərəcəyədək yüksələcək.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcək, havanın temperaturu 35-39° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 20-21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Nazirlik, həmçinin günvurma təhlükəsindən qorunmaq üçün açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamağı, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etməyi, daha çox kölgədə və ya sərin yerdə qalmağı və bol maye qəbul etməyi tövsiyə edir.

XS
SM
MD
LG