Accessibility links

Azərbaycanda hər 100 min nəfərə 208.7 məhbus düşür


Azərbaycanda ümumilikdə 21012 nəfər məhbus var. Onların 2.7 faizi qadınlardır. Hər 100 min nəfərə 208.7 məhbus düşür.

Bu barədə 2020-ci ildə Avropa Şurasına üzv ölkələrdə məhbus əhali sayı barədə hesabatda deyilir.

Sənədə görə, Azərbaycanda məhbus sayında azalma müşahidə olunur.

“Hər 100 min nəfərə düşən məhbus sayı 2018-ci ildə 235, 2019-cu ildə 218, 2020-ci ildə 208 nəfər olub. 2010-cu illlə müqayisədə azalma 14 faiz təşkil edib.”

Son 10 ildə Ermənistan və Gürcüstanda isə azalma 50 faiz olub.

Hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə Azərbaycan Avropa Şurası məkanında 5-cidir. 1-ci yerdə Türkiyədir, orada 100 min nəfərə 357 məhbus düşür. Bu göstərici Rusiyada 356, Gürcüstanda 263, Litvada 219, Ukraynada 126, Ermənistanda 75, İslandiyada 45, Finlandiyada 48-dir.

Azərbaycanda məhbuslar arasında narkotik cinayətlərinə görə cəza çəkənlərin ümumi çəkisi daha artıqdır – belə məhbuslar ümumi məhbusların 29 faizini təşkil edir.

Azərbaycan həbsxanalarında hətta boş yerlər var. Hesabata görə, mövcud olan hər 100 həbs yerinə 82.4 məhbus düşür.

Məsələn, Türkiyədə hər 100 həbs yerinə 127, İtaliyada 120 məhbus düşür.

Məhbuslara çəkilən xərclərə gəlincə, Azərbaycan Avropa Şurası məkanında məhbuslara ən az pul xərcləyən ölkələrdəndir.

“Saxlanılan şəxs üçün günlük çəkilən xərc 6,7 avro, məhkum edilmiş hər bir nəfər üçün gündəlik xərc 5,9 avro təşkil edir. Avropa Şurası məkanında Azərbaycandan az pulxərcləyən cəmi 2 ölkə var: Rusiya hər bir məhbusa günlük 2,8, Bolqarıstan isə 5,7 avro xərcləyir. Gürcüstanda gündəlik xərc 12,6 avro, Ermənistanda isə 18,8 avrodur.

Məhbuslar üçün gündəlik Andorrada 178, Avstriyada 128, Danimarkada 202, Finlandiyada 204, İrlandiyada 206, Lüksemburqda 245, Hollandiyada 265, İsveçdə 304, Norveçdə 318, Lixtenşteyndə 352, Monakoda 467, San Marinoda 1081 avro xərclənir.

XS
SM
MD
LG