Accessibility links

Azərbaycan ATƏT nümayəndəsinin və Fransa Xarici İşlər Nazirliyinin blogerlə bağlı reaksiyalarını qınayır


Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bloger Mehman Hüseynovla haqqında fikir bildirdikdən və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Arlem Dezir məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinə məktub ünvanladıqdan sonra Parisdə "sarı jiletlilər"in hüquqlarının müdafiəsi ilə bağlı açıqlama yayıb.

Leyla Abdullayeva
Leyla Abdullayeva

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva Trend agentliyinə bəyan edib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin.

Leyla Abdullayeva qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni “sarı jilet”lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir.

Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar.
Leyla Abdullayeva, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi

"Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar."

Onun sözlərinə görə, ümumiyyətlə Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər.

"Məhz Fransa vətəndaşı olan Harlem Dezir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, Arlem Dezir qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür," Abdullayeva qeyd edib.

Fransa bayrağı
Fransa bayrağı

Yanvarın 8-də Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, nazirlik bloger Mehman Hüseynovun işini diqqətlə izləyir və onun tezliklə azad olunacağına ümid edir.

Ümid edirik ki, Mehman Hüseynov tezliklə azadlığa buraxılacaq.
Fransa Xarici İşlər Nazirliyinin açıqlaması

"Biz bu jurnalistin və hüquq müdafiəçisinin ətrafında yaranmış vəziyyətdən narahatıq. Biz vəziyyəti, xüsusilə onun saxlanma şəraitini diqqətlə izləyirik. Ümid edirik ki, Mehman Hüseynova qarşı yeni cinayət ittihamı onun üzərindən götürüləcək və o, tezliklə azadlığa buraxılacaq," Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.

Harlem Desir and Emin Huseinov ( photo by : Harlem Desir twitter account)
Harlem Desir and Emin Huseinov ( photo by : Harlem Desir twitter account)

Yanvarın 9-da ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubunda Azərbaycan hakimiyyətini Mehman Hüseynova qarşı irəli sürülmüş yeni ittihamlara xitam verilməsinə çağırıb.

Azərbaycan hakimiyyətini Mehman Hüseynovu həbsxanadan mümkün qədər tez azad etməyə çağırıram.
Harlem Dezir, ATƏT-in media azadlığı üzrə nümayəndəsi

“Dərin narahatlıq yaradan budur ki, bu insident indi, Mehman Hüseynovun 2019-cu ilin martında həbsxanadan azad edilməsinə az qalmış baş verib və ona qarşı yeni ittihamlar əlavə olaraq 7 il müddətinə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Mən hakimiyyəti Hüseynova qarşı yeni cinayət ittihamlarını ləğv etməyə və onun özünü həbsxanadan mümkün qədər tez azad etməyə çağırıram,” o qeyd edib.

ATƏT nümayəndəsi Azərbaycan hakimiyyətini habelə Hüseynovun sağlamlıq problemləri barədə xəbərləri araşdırmağa və Hüseynova peşəkar tibbi xidmət göstərilməsinə çağırıb.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də 16-cı gündür qida qəbulundan imtina etməkdə davam edir. Blogerin aclıq aksiyasına ictimaiyyət dəstək verməkdədir. İndi bir çox insan Hüsenyova dəstək məqsədi ilə aclıq edir.

Blogerə qarşı yeni cinayət işinin qaldırılması beynəlxalq ictimaiyyət tərəfindən də tənqidlərlə qarşılanıb. ABŞ Senatoru Marko Rubio, Sərhədsiz Reportyorlar Təşkilatı, PEN Amerika, AŞPA-nin Azərbaycan üzrə məruzəçiləri, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digərləri bəyanatlarla çıxış edib.

Mehman Hüseynov
Mehman Hüseynov

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.

XS
SM
MD
LG