Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası Batalyonunun 99 əsgəri iyulun 31-də Amerikanın 2 hərbi təyyarəsi ilə Rumıniyanın Konstansa şəhərinə gedib. Azərbaycan batalyonu orada avqustun 12-dək “Qara Dəniz Rotasiya Qüvvəsi -2011” çoxtərəfli təlim məşqlərində iştirak edir. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan hərbçiləri Qara Dəniz Rotasiya Qüvvəsi təlimlərində ilk dəfədir iştirak edir. Burada onlar Rumıniya, Gürcüstan, Ukrayna, Bolqarıstan, Makedoniya, Bosniya və Hersoqovina, Serbiya, Albaniya, Yunanıstan, Montenegro və Xorvatiya da daxil olmaqla 12 NATO əməkdaş ölkələri ilə birgə sülhməramlı və qiyama qarşı əməliyyat təlimlərində iştirak edir. Təlimlərə nəzarəti Kaliforniya ştatının San Diego şəhərindən Birləşmiş Ştatların 4-cü Dəniz Qüvvələri Korpusunun nümayəndələri həyata keçirir.
Səfirlik bildirir ki, bu yerləşdirmə ABŞ Səfirliyinin Müdafiə Attaşesi idarəsi, ABŞ-ın Avropa Komandanlığı və Azərbaycan Müdafiə Nazirliyi arasında bir ildən çox davam edən birgə planlaşdırmanın nəticəsidir. “Qara Dəniz Rotasiya Qüvvəsi təlimlərində əldə edilən təcrübə Azərbaycanın Əməliyyat İmkanları Konsepsiyası Batalyonunun qiyama qarşı əməliyyatlar aparmaq səriştəsini və NATO qüvvələri ilə qarşılıqlı əməliyyat aparma qabiliyyətini gücləndirəcək”.