Accessibility links

Azərbaycan, Rumıniya və Gürcüstan prezidentlərinin Bakı Sammiti olacaq


Azərbaycan, Rumıniya və Gürcüstan prezidentlərinin Bakı Sammiti olacaq
Azərbaycan, Rumıniya və Gürcüstan prezidentlərinin Bakı Sammiti olacaq

Prezidentlər AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) qaz nəqliyyatı layihəsini müzakirə edəcək

Sabah Azərbaycan, Rumıniya və Gürcüstan prezidentlərinin AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) qaz nəqliyyatı layihəsinin həyata keçirilməsinə həsr olunmuş Sammiti olacaq. Bu məqsədlə Gürcüstan prezidenti Mixail Saakaşvili və Rumıniya prezidenti Trayan Basesku Bakıya səfər edib.

Maye qazın emalı və nəqli sahəsində əməkdaşlıq haqqında AGRI layihəsi üzrə memorandum 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihəyə əsasən, Azərbaycan qazı Gürcüstanın Qara dəniz sahilindəki Kulevi terminalına ixrac olunacaq. Burada qaz sıxılacaq, sonra tankerlərlə Rumıniyanın Konstansa limanına göndəriləcək və mövcud infrastrukturla Rumıniyaya və digər Avropa ölkələrinə daşınacaq.

Bu gün Bakıda prezidentlərin Sammitinə son hazırlıq işləri görülüb. Belə ki, Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirləri layihə üzrə Bakı Bəyannaməsinin layihəsini müzakirə edib. Sənədin sabah Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri tərəfindən imzalanacağı gözlənilir.

Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, layihə Azərbaycan qazını təkcə Rumıniyaya deyil, Macarıstan, Bolqarıstan, Türkiyə və bir sıra digər Avropa ölkələrinə nəql etməyə imkan verəcək. “Layihənin gücündən asılı olaraq onun dəyəri 1,2 - 4,5 mlrd. avro təşkil edəcək. Hazırda üç varianta baxılır: ildə 2 mlrd., 5 mlrd. və 8 mlrd. kubmetr qaz. Seçim investisiyaların, əməliyyat xərclərinin və iş rejiminin səmərəliliyindən asılı olacaq. Layihənin 20 ay ərzində həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün bərabər pay iştirakı ilə Azərbaycan-Gürcüstan-Rumıniya birgə müəssisəsi yaradılacaq”.
Rumıniyanın iqtisadiyyat naziri İon Ariton bildirib ki, Azərbaycandan maye qazın Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqli layihəsi Avropa İttifaqına üzv ölkələrinə enerji resursları nəqli yollarının müxtəlifləşdirilməsinə şərait yaradacaq.
Gürcüstanın energetika naziri Aleksandr Xetaquri tezliklə layihənin Texniki İqtisadi Əsaslarının işlənib hazırlanması və onun maliyyələşdirilməsinə başlanılması zərurətini qeyd edib.

XS
SM
MD
LG