Accessibility links

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşüb


Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşüb
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşüb

Prezidentlər bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, atəşkəs rejiminin möhkəmləndirilməsi və hərbi sahədə qarşılıqlı etimadın artırılması istiqamətində səyləri gücləndirmək zəruridir

Həştərxan şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub.

Rusiya prezidentinin rəsmi saytının məlumatına görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edib. Görüşün nəticəsi olaraq dövlət başçıları humanitar xarakterli bəyanatla çıxış edib.

Rusiya prezidenti bildirib ki, sənəd qarşılıqlı etimadın möhkəmləndirilməsini, hərbi əsirlərin dəyişdirilməsini və həlak olanların meyitlərinin qaytarılmasını nəzərdə tutur.

Bəyanatda qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, atəşkəs rejiminin möhkəmləndirilməsi və hərbi sahədə qarşılıqlı etimadın artırılması istiqamətində səyləri gücləndirmək zəruridir.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri ilk təxirəsalınmaz addım kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə hərbi əsirlərin dəyişdirilməsini və həlak olanların cəsədlərinin qaytarılmasını razılaşıb.

Cənab Medvedev eyni zamanda deyib ki, münaqişənin nizamlanmasının ümumi prinsipləri ola bilsin ki, ATƏT-in dekabrın 1-2-də Astanada keçiriləcək sammitinədək hazırlansın.

Bu üç ölkə prezidentlərinin 2010-cu ildə üçüncü, ümumilikdə yeddinci görüşü idi.

XS
SM
MD
LG