ABŞ müttəfiqləri bildirir ki, hər kəsin vaxtında evakuasiya olunmayacağından çəkindiklərinə baxmayaraq, onarın ABŞ-ın cədvəli üzrə hərəkət etməkdən və avqustun 31-nə qədər qüvvələrini Əfqanıstandan çıxarmaqdan başqa çarələri yoxdur. Britaniya böhranı müzakirə etmək üçün çərşənbə axşamı Böyük Yeddilərin (G-7) liderlərinin təcili zirvəsini təşkil edib.
Bir neçə ABŞ müttəfiqi onlarla birlikdə işləyən və indi ümidsizcəsinə qaçmaq istəyən əfqanları və vətəndaşlarını Kabil hava limanından çıxarır.
Bir çox G-7 lideri ABŞ prezidenti Co Baydenə ABŞ qoşunlarının çıxarılması üçün 31 avqust tarixini uzatmağa çağırıb. Ancaq virtual sammitdən sonra televiziya ilə çıxış edən Prezident ABŞ-ın cədvələ uyğun hərəkət edəcəyini açıq şəkildə açıqlayıb.
"Nə qədər tez bitirə bilsək, bir o qədər yaxşıdır. Əməliyyatların hər günü əsgərlərimiz üçün əlavə riskdir" – deyə, ABŞ Prezidenti Co Bayden bildirib.
Daha öncə Əfqanıstanda ABŞ ordusunda xidmət edən təhlilçi Endryu Bell deyir ki, təxliyə əməliyyatları üçün ABŞ-ın hərbi gücü çox vacibdir.
"Əlbəttə ki, Onlar bəzi NATO müttəfiqləri tərəfindən kiçik komponentlərdə təmin edilə biləcək əhəmiyyətli təhlükəsizlik xüsusiyyətlərini təmin edirlər, amma əslində onurğa sütunu ABŞ ordusu tərəfindən formalaşdırılıb və missiyanın davam etməsi həqiqətən də ABŞ ordusunun gətirdiyi imkanlardan asılı olacaq" - deyə, İndiana Universitetinin beynəlxalq araşdırmalar üzrə professoru Endryu Bell bildirib.
Bundan başqa, Taliban da 31 avqust tarixinin uzadılmasına icazə verməyəcəklərini deyir. Beləliklə, ABŞ müttəfiqləri bu cədvələ riayət etməkdən başqa çarələrinin olmayacağını qeyd edir.
"Bacardığımız qədər son ana qədər davam edəcəyik. Ancaq Amerika Birləşmiş Ştatları Prezidentinin dediklərini də, Talibanın dediklərini də eşitdiniz" – deyə, Britaniyanın Baş naziri Boris Conson bildirib.
Conson G-7 liderlərinin gələcək ortaq yanaşma ilə bağlı razılaşmalarının olduğunu deyib.
"Böyük ehtimalla Kabildə Taliban hökuməti olacağı üçün Talibanla necə əlaqə quracağımıza dair bir yol xəritəsi" – deyə, Conson qeyd edib.
Bir neçə G-7 ölkəsi maliyyə yardımı vəd edib. Avropa İttifaqı Əfqanıstan üçün 1,2 milyard dollar ayırıb.
"Şərtlərin yerinə yetirildiyinə dair etibarlı zəmanətlər və etibarlı hərəkətlər əldə edəcəyimiz zaman qədər bu yardım dondurulur" – deyə, Aİ Komissiyasının sədri Ursula von der Leyen bildirib.
Qərbin geri çəkilməsinin uzunmüddətli nəticələri ilə bağlı Avropada narahatlıqlar mövcuddur.
“Qaçaqmalçılar və insan alverçiləri üçün yeni bir bazarın yaradılmasına icazə verməyək. Miqrasiya axınlarını nəzarət altında saxlamağa və Aİ sərhədlərini qorumağa qərarlıyıq" – deyə, Avropa Şurasının sədri Çarl Mişel qeyd edib.
Analitik Bell deyir ki, G-7 və NATO ittifaqları ABŞ-ın qəfil geri çəkilməsi ilə sınaqdan keçib.
"Əlbəttə ki, qısa müddətdə bu, qarşıdurmalar əlavə etməyə davam edəcək. Trampdan sonrakı dövrdə daim yenidən qurulması lazım olan körpülər var. Ancaq düşünürəm ki, bu, uzunmüddətli perspektivdə müttəfiqlərimizlə münasibətlərimizi əhəmiyyətli dərəcədə pozmayacaq" – deyə, o bildirib.
Hələlik ABŞ və müttəfiqlərinin diqqəti Kabil hava limanında baş verən qarışıqlıq içərisində çətin və təhlükəli evakuasiyalar üzərində qalır.