Accessibility links

Bakı meriyası Milli Şuranın mitinqinə icazə verməyib


Milli Şura

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının martın 2-də keçirmək istədiyi mitinqə icazə verməyib.

Bu barədə AXCP məlumat yayıb.

Bakı meriyası Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqə də icazə verməyib.

Mitinqə icazə verilməməsinin səbəbi kimi, mitinqdən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyətinin pozulması göstərilib.

Xeyri yoxdur, bunlardan əl çəkməyəcəyik. Qoy onlar qaçmaqlarında, xalq da qovmağında olsun!
Əli Kərimli, AXCP sədri

Milli Şura mitinqlərdə siyasi məhbusların azad edilməsini, xalqdan oğurlanmış pulların xalqa qaytarılmasını, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsini, yəni soyğunçu bank borclarının ləğv edilməsini, uşaq pullarının verilməsini və başqa demokratik tələblər iərli sürəcəyini bildirib.

AXCP sədri Əli Kərimli Bakı meriyasının cavab məktubuna münasibətində bildirib ki, hökumət müxalifətdən qorxur.

“Yenə də qorxdular. 2 mart mitinqinə də razılıq vermədilər. İlham Əliyev dünən məktəbləri, idarələri bağlatdırıb, inzibati resurslarla Xocalı yürüşü keçirmişdi. Xocalı abidəsini də müxalifətin üzünə bağlatdırmışdı. Hökumət mətbuatı da bütün günü kampaniya aparırdı ki, xalq İlham Əliyevi dəstəkləyir, Əli Kərimli tək qaldı. Mən də fikirləşirdim ki, kaş bunlar öz yalanlarına inana. 2 mart mitinqinə mane olmayalar, xalq da göstərə ki, İlham Əliyev rejiminə qarşı nə qədər adam etiraz edir. Ümidlənmişdim ki, dünənki şoulardan sonra qorxu canlarından çıxmış olar. Təəssüf ki, tirajladıqları “xalq İlham Əliyevi dəstəkləyir, müxalifətin də heç bir dəstəyi yoxdur” yalanına heç özləri də inanmayıblar. İnansaydılar, 2 mart mitinqinə razılıq verərdilər. Xeyri yoxdur, bunlardan əl çəkməyəcəyik. Qoy onlar qaçmaqlarında, xalq da qovmağında olsun!” Kərimli qeyd edib.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 42 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiyanın 21 fəalı 200 manatdan 500 manatadək, o cümlədən AXCP sədri Əli Kərimli 2500 manat inzibati qaydada cərimə olunub.

Öz növbəsində rəsmi Bakı ölkədə sürətli iqtisadi inkişafın olduğunu və əhalinin sosial durmunun durmadan təmin edildiyini bəyan edir. Dövlət rəsmiləri, bütün fundamental azadlıqların, o cümlədən toplaşmaq, söz və birləşmək azadlıqlarının tam təmin edildiyini bildirir. Hökumət həmçinin insanların siyasi əqidəsinə görə təqib olunmadığını deyir.

XS
SM
MD
LG