Accessibility links

Bakıda və daha 7 yerdə karantin sərtləşdirilib


Azərbaycan, Bakı, karantin rejimi, 6 aprel 2020

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunda bu gün, iyunun 21-i saat 00:00-dan karantin sərtləşdirilib. Nazirlər Kabineti qərarına əsasən bu iyulun 5-i saat 06:00-dək davam edəcək.

Qərara görə, sözü gedən yerlərdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Həmçinin, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilmir, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb.
Habelə, təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılıb.

Amma dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və bir sıra mühüm xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Əhalinin qalan qrupları isə yenə küçəyə çıxarkən bir müddət öncə olduğu kimi SMS-lə icazə alacaq. SMS-lə icazə əvvəlki qaydaya nisbətən bu dəfə bir qədər genişləndirilib. Bura ərzaq almaq, tibbi zərurət, yaxınların dəfində iştirakla və başqa hallarla yanaşı, açıq havada vaxtın keçirilməsi də daxildir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 922 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 466 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyə qədər 12 min 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 148 nəfərin vəfat etdiyi açıqlanıb.

Martın 24-dən, Azərbaycanda koronovirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülmüşdü. Mayın 4-dən bölgələrdə, 18-dən Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmışdı. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlamışdı.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son aylar virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Bununla bağlı karantinin bəzi yerlərsdə sərtləşdirilməsinə başlanıb. Karantin avqustun 1-nə kimi uzadılıb.

AzadlıqRadiosu

XS
SM
MD
LG