Accessibility links

Barron Tramp Con Kennedinin oğlundan sonra Ağ Evdə yaşayacaq ilk oğlandır


ABŞ prezidenti Donald Tramp, birinci xanım Melaniya Tramp və onların oğlu Barron Tramp Ağ Evin həyətində

ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən beş aya yaxın vaxtdan sonra birinci xanımı Melaniya Tramp onların 11 yaşlı oğlu Barronla Ağ Evə köçüb. Bu müddət ərzində Melaniya Tramp və Barron Nyu Yorkda Tramp qülləsindəki iqamətgahlarında yaşayırdılar. Birinci xanımın oğlu ilə Nyu Yorkda qalmasının səbəbi onu məktəbdən ayırmayıb, tədris ilinin bitməsini gözləmələri ilə əlaqədar idi.

Prezident Trampın beşinci və ən kiçik övladı haqda rast gəlinən məlumatlar arasında bir neçəsini qeyd etmək olar.

Barron Tramp 1963-cü ildə prezident Con Kennedinin üç yaşlı oğlu Condan sonra 50 ildən artıq bir müddət ərzində Ağ Evdə yaşayacaq ilk oğlan olacaq. Vaşinqtona gəlməzdən əvvəl Barronun yeni tədris ilində Merilend ştatında özəl məktəbə gedəcəyi bildirilir.

Barron Tramp atası ilə qolf oynamağı və Lego kubiklərindən binalar və hava limanları qurmağı xoşlayır. O, Nyu Yorkda Tramp qülləsindəki iqamətgahda böyüyüb və binanın bir mərtəbəsi Melaniya Trampın bildirdiyinə görə ona məxsus olub.

Barronun Ağ Evə gəldiyi elə ilk gün onun üzərində “The Expert” yazılmış tenniska ilə foto şəkli xəbər manşetlərinə çıxarılıb. Bir sıra veb səhifələrin verdiyi məlumata görə, J Crew brendinə məxsus tenniskaların hamısı satılıb.

Son aylar mediada Barronla bağlı məlumatlar bir neçə dəfə xəbər başlıqlarına çıxarılıb.

Prezident Trampın inaqurasiya günü Barronun gülüş hədəfinə çevrilməsindən sonra ABŞ-ın keçmiş prezidenti Bill Klinton və 2016-cı il seçkilərində demokrat namizəd Hillari Klintonun qızı Çelsi Klinton onu internet trollarından müdafiə edib.

“Barron Trampın bütün uşaqlar kimi uşaq olmaq hüququ var”-Çelsi Klinton həm Facebook, həm də Tvitter sosial media saytlarında yazıb.

Ağ Evdə Barrondan əvvəl yaşayan Obamaların iki qızı Saşa və Maliya, bundan əvvəl Buşların iki qızı Cenna və Barbara, onlardan əvvəl isə Çelsi Klinton da sosial mediada onlara qarşı xoşagəlməz şərhlərin hədəfi olublar.

Buna görə də Donald Trampın ən kiçik övladı olan Barronun Ağ Evə gəlişi ilə onun da Amerikanın bütün əvvəlki birinci uşaqları kimi diqqət mərkəzində olacağı gözlənilir.

ABŞ prezidentlərinin övladları bəzən onların özləri qədər diqqət cəlb edir. Lakin Ağ Evdə kimin olmasından asılı olmayaraq, prezident övladlarının siyasi diqqətdən kənarda saxlanması ənənəsi yəqin ki bundan sonra da davam etdiriləcək.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG