Accessibility links

Barselonada İspaniyanın birliyinə dəstək yürüşü keçirilib


İspaniyanın birliyinin tərəfdarı olan yüz minlərlə insan Barselonada yürüşdə iştirak edib.

Nümayişçilər İspaniya hökumətinin Kataloniyanın nazirlər kabinetini ləğv etməsi və regionun müstəqillik əldə etmək cəhdlərinin qarşısını almasına dəstək nümayiş etdirərək, Kataloniya paytaxtının küçələri ilə addımlayıb.

Kataloniyanın devilmiş lideri Karl Puiqdemont İspaniyanın bir zamanlar geniş muxtariyyətə malik olan regionunun nəzarətini ələ almasına “dinc demokratik müqavimət” göstərməyə çağırıb.

O açıqladığı bəyanatında azad ölkə qurmaq istiqamətində işi davam etdirəcəyini və regional parlamentin buraxılmasına yalnız Kataloniya hökumətinin səlahiyyəti olduğunu bildirib.

Karl Puiqdemont
Karl Puiqdemont

İspaniyanın baş naziri Mariano Rahoy cümə günü regionun İspaniyadan müstəqilliyinə səs verməsindən bir neçə saat sonra Kataloniya parlamentinin buraxılması haqda qərar verib.

Regional parlamentin buraxılması ilə yanaşı, Rahoy eyni zamanda, dekabrın 21-də Kataloniyada erkən seçkilərin keçirilməsinə çağırıb və Kataloniyanın yüksək rütbəli polis zabitlərini səlahiyyətlərindən məhrum edib.

İspaniyadan ayrılmağa dair bəyannamə Kataloniya prezidenti Puiqdemontun başçılıq etdiyi koalisiyaya daxil olan radikal separatçı fraksiyalar tərəfindən hazırlanıb və 72 lehinə, 10 əleyhinə və 2 bitərəf səslə qəbul edilib.

Mariano Rahoy
Mariano Rahoy

Beynəlxalq ictimaiyyət İspaniyada son illər yaşanmış ən ciddi siyasi böhranda Madrid hökumətinə dəstək bildirib.

BMT-nin sözşüsü bütün tərəfləri “İspaniya konstitusiyası çərçivəsində və qəbul olunmuş siyasi və hüquqi yollar vasitəsilə həll yolu tapmağa” çağırıb.

Avropa Şurasının prezidenti Donald Task Madridin böhranda yanaşmasını dəstəkləyərək, “İspaniya hökumətinin güc deyil, arqumentin gücündən istifadə edəcəyinə ümid etdiyini” bildirib.

Avropa İttifaqının prezidenti Jan Klod Yunker isə “Avropada bundan sonra daha artıq parçalanmaya yer olmadığını” bəyan edib.

İspaniyanın da üzv olduğu NATO-nun bəyanatında deyilir ki, “Kataloniya məsələsi ölkənin daxili məsələsidir və İspaniya konstitusiyasına uyğun şəkildə həll edilməlidir”.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG