Accessibility links

İraq kürdlərinin lideri Məsud Barzani kürd regionunun prezidenti vəzifəsindən gedəcəyini təsdiq edib. Barzani prezident postunun aradan qaldırılacağını və bu səlahiyyətlərin kürdlərin baş naziri, parlament və ədliyyə sistemləri arasında bölüşdürüləcəyini bildirib.

Bazar günü parlamentə ünvanladığı məktubunda noyabrın 1-də onun hakimiyyət müddətinin bitməsindən sonra yenidən seçilmək üçün namizədliyini irəli sürməyəcəyini bildirib.

Parlament artıq Barzaninin hökumətdə fəaliyyətini dayandırmaq haqda qərar verib və növbəti iclasda onun bəyanatının oxunacağını bildirib.

Kərkük sakinləri Bağdadın mərkəzi hökumətinin şəhərin nəzarəti almasını alqışlayır
Kərkük sakinləri Bağdadın mərkəzi hökumətinin şəhərin nəzarəti almasını alqışlayır

Müstəqilliyə dair referendumda böyük səs çoxluğu ilə müsbət nəticə əldə olunmasına baxmayaraq, Barzani İraq hökumət qüvvələrinin Kərkük şəhəri ətrafındakı ərazinin nəzarətini ələ almasından sonra çətin vəziyyətdə qalıb.

İraqın baş naziri Heydər Əl-Abadi referendumu qeyri-qanuni adlandırıb və buna cavab olaraq kürdlərin nəzarətində olan mübahisəli ərazilərin nəzarətini geri almaq üçün hökumət qüvvələrini bölgəyə göndərib.

Son günlər İraqın Kürdüstan regionunun hökuməti referendumun nəticələrini dondurmaq və Bağdadın mərkəzi hökuməti ilə dialoqa başlamaq haqda təkliflər irəli sürüb. Lakin Abadi bu təklifləri rədd edib.

Abadi açıqladığı bəyanatında bildirib ki, hökumət yalnız referendumun nəticələrinin ləğv edilməsi və ölkə konstitusiyasına hörmət edilməsini qəbul edə bilər.

İraq hərbi qüvvələrinin nəzarətini geri aldığı ərazilər 2014-cü ildə İslam Dövləti qrupu regiona hücum edənə qədər Bağdadın nəzarətində idi. Kürd peşmergə qüvvələri və koalisiya qüvvələri bu əraziləri azad etdikdən sonra Kürdüstan regional hökuməti bölgəyə nəzarəti əlində saxlayıb.

Son həftələr İraq hərbi qüvvələri və kürd azlıq arasında toqquşmalar cümə günü atəşkəsin elan edilməsi və kürd qüvvələrinin əsas etibarilə müqavimət göstərmədən öz nəzarətində saxladığı ərazilərdən geri çəkilməsi ilə nəticələnib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG