Accessibility links

Bayden COVID-19-un mənşəyinə dair yeni araşdırma tələb edir


COVID-19-un Çin laboratoriyasından sızdığına dair fərziyyələrin artdığı bir vaxt ABŞ Prezident Co Bayden federal qurumlara "qəti bir nəticəyə yaxınlaşdıra biləcək məlumatları toplamaq və təhlil etmək üçün səylərini artırmağı" tapşırıb.

Bayden açıqlamasında ABŞ-a kəşfiyyat idarəsinin bu ay ona konkret bir nəticəsi olmayan hesabat təqdim etdiyini və 90 gün ərzində yeni hesabat hazırlanmasını tələb etdiyini deyib.

"Milli laboratoriyalarımız və agentliklərimiz tərəfindən hazırlanacaq sənədlər hökumətimizin daha bir səyi olacaq" - deyə, Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer prezidentin açıqlamasından az sonra jurnalistlərə bildirib.

ABŞ rəsmiləri aylardır Pekin hökumətinin iş birliyi aparmadığı, ABŞ-da təxminən 600000 olmaqla, dünya boyu azı 3,4 milyon insanın ölümünə səbəb olan koronavirusun mənşəyi haqqında daha geniş məlumat almaq üçün xarici səylərə mane olduğunu deyir.

Wall Street Journal-ın bazar ertəsi ABŞ-a istinadən dərc etdiyi məqalədə Çinin Uhan şəhərindəki laboratoriyalarının birində işləyən tədqiqatçıların Çin hökumətinin Ümumdünya Səhiyyə Təşkilatına COVID-19 olaraq təyin edilən ilk xəstəlik hallarını bildirməsindən bir ay əvvəl, 2019-cu ilin noyabrında xəstələndiyi barədə məlumatın olduğu yazılıb.

"Çox güman ki, bu, təbii olaraq ortaya çıxan bir virusdur, lakin biz laboratoriyada baş verən qəza ehtimalını da istisna edə bilmərik" - deyə, Milli Səhiyyə İnstitutlarının direktoru, doktor Frescis Kollins çərşənbə günü Senatda keçirilən dinləmələr zamanı qanunvericilərə bildirib.

Virusun mənşəyi ilə bağlı araşdırmaların ikinci mərhələsini aparacaq Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun Çinin elmi müəssisəsindən sızma ehtimalını rədd etdiyinə görə kəskin tənqidlərlə üzləşib. Pekin rəsmiləri də dəfələrlə bunun həqiqətə uyğun olmadığını deyərək, bu fərziyyəni rədd edib.

Təşkilat 2 ay əvvəl açıladığı hesabatında COVID-19-un Uhan laboratoriyasından yayıldığına dair dəlil olmadığını bildirmişdi.

Avstraliya, Almaniya və Yaponiya da bu həftə Ümumdünya Səhiyyə Təşkilatından daha əhatəli bir araşdırma tələb edən digər ölkələrə qoşulub.

Şərhlərə bax

XS
SM
MD
LG