Accessibility links

Bayden: ABŞ tezliklə elektrikli avtomobillərin istehsalında dünya lideri olacaq


Prezident infrastruktur paketini dəstəkləmək üçün ümummilli səfərlərinin bir hissəsi olaraq GM-in Detroytdakı elektrikli avtomobil zavodunu ziyarət edib.

Prezident Co Bayden General Motors-un Detroytdakı elektrikli avtomobillərin yığılması zavodunu ziyarət edərkən çərşənbə gecəsi Hammer elektrikli sport tipli avtomobilini sınaqdan keçirib.

Prezident bazar ertəsi 1 trilyon dollarlıq infrastruktur qanun layihəsinə dəstək məqsədilə ümummilli səfəri çərçivəsində Miçiqanın ən böyük şəhərində GM-in zavodunda elektrik avtomobilini şəxsən sınaqdan keçirib.

Qanun elektrik avtomobillərini yükləmə stansiyalarının dövlət şəbəkəsinin qurulması üçün 7,5 milyard dollar vəsait nəzərdə tutur. Bu cür investisiyalar sənaye rəsmilərinin fikrincə, amerikalıları elektromobil almağa ruhlandıracaq, həmçinin ekoloji cəhətdən təmiz avtomobillərin istehsalını artıracaq. 2020-ci ildə elektrikli avtomobillər ABŞ-ın yeni avtomobil bazarının yalnız 1,8%-ni təşkil edib.

Avtomobil zavoduna səfəri zamanı Bayden Detroydakı "Böyük Üçlük" avtomobil istehsalçılarını, xüsusən də GM-i tərifləyərək, onların elektriklə işləyən avtomobillər istehsalındakı səylərini müsbət qiymətləndirib.

Bayden bildirib ki, Detroyt dünyanın aparıcı elektrik avtomobili istehsalçısıdır. Prezident ABŞ-da elektrikli avtomobil satışlarının təxminən 80%-ni təşkil edən Tesla-nın adını çəkməyib və onun sahibi İlon Mask Tesla işçilərinin həmkarlar ittifaqı yaratmasına icazə verməkdən imtina edib.

"İndiyə qədər Çin bu yarışda lider idi" deyən Bayden elektrikli avtomobillərin istehsalına toxunub. Onun sözlərinə görə, tezliklə infrastruktur haqqında qanunun qəbulu ilə bağlı vəziyyət dəyişəcək.

Bayden, həmçinin sosial müdafiəyə və iqlim dəyişikliyi ilə mübarizəyə təsir edən daha bir böyük investisiya qanun layihəsini dəstəklədiyini təkrarlayıb. Dəyəri təxminən 2 trilyon dollar olan qanun layihəsi hələ də Konqresdə müzakirə olunur.

Bayden vurğulayıb ki, yenidənqurma planının xərcləri korporativ vergiləri artırmaqla ödəniləcək. GM-in baş direktoru Meri Barra ilə danışan prezident deyib ki, böyük şirkətlər daha çox vergi ödəməlidir.

XS
SM
MD
LG