ABŞ prezidenti Co Bayden COVID-19-a səbəb olan koronavirusun delta variantının ölkədə sürətlə yayılmağa davam etdiyi bir vaxt, mülki federal hökumət işçilərinin peyvəndlənməli və ya mütəmadi testdən keçib, maska taxmalı olacaqlarını açıqlayıb.
"Hər bir federal hökumət işçisindən peyvənd statusunu təsdiq etmələri istəniləcək. Sübut təqdim edə bilməyən və ya peyvəndlənməyən hər kəs harada işləməsindən asılı olmayaraq maskadan istifadə etməlidir, həftədə bir və ya iki dəfə COVID testi verməli, sosial məsafəni qorumalıdır, və onların iş məqsədilə səyahət etmələrinə icazə verilməyəcək” – deyə, Prezident cümə axşamı Ağ Evin Şərq Otağındakı çıxışında bildirib.
Ağ Evin bəyanatında deyilir ki, federal hökumətdə 4 milyondan çox amerikalı, o cümlədən 2 milyondan çox federal mülki işçi çalışır.
Eyni standartlar federal podratçılara da şamil ediləcək.
"Federal hökumətlə iş görmək istəyirsinizsə, işçilərinizi peyvəndləyin" - deyə, o qeyd edib.
Federal işçiləri təmsil edən həmkarlar ittifaqları ehtiyatlı davranır.
"COVID-19 peyvəndləri və əlaqədar protokollarla əlaqəli iş şərtlərindəki hər hansı bir dəyişikliyin təfərrüatlarını sövdələşmə şöbələrimizlə düzgün bir şəkildə müzakirə ediləcəyini gözləyirik" – deyə, 700 min nəfərlik işçi qüvvəsini təmsil edən federal işçilərin ən böyük həmkarlar ittifaqının - Hökumət İşçiləri Federasiyasının rəhbəri Everett Kelli bildirib.
"İnsanları bir tibbi prosedur tətbiq etməyə məcbur etmək Amerika yolu deyil və tərəfdarları bunu necə əsaslandırmağa çalışsalar da, bu, açıq mülki hüquq pozuntusudur" – deyə, 65 agentlikdə 30 min işçini təmsil edən Federal Hüquq Mühafizəçiləri Zabitlər Birliyinin (FLEOA) prezidenti Larri Kosme bildirib.
"Buna görə də, rəhbərliyi FLEOA və digər federal işçi qrupları ilə əməkdaşlıq edərək vaksin olmayanları cəzalandırmaqdansa, bütün federal işçiləri peyvənd olunmağa təşviq etməyə çağırırıq" – deyə, Kosme qeyd edib.
Vaksinasiya olmaq qərarını federal işçilər verə biləcəklər, “çünki çox miqdarda peyvənd olunmamış insanlar virusu yaymağa davam edirlər və bizdə daha çox peyvənd olan və virusun yayılmasını cilovlayan insanlar olmayana qədər amerikalıların təhlükəsizliyini təmin etmək üçün müvafiq protokollar olmalıdır” – deyə, Prezidentin çıxışından əvvəl Ağ Evin mətbuat katibinin müavini Karin Jan-Pyer jurnalistlərə bildirib.
Bayden Müdafiə Nazirliyindən xidmət işçilərindən tələb olunan peyvəndlər siyahısına məcburi koronavirus vaksinlərinin necə və nə vaxt əlavə ediləcəyini araşdırmağı xahiş etdiyini deyib.
"Bu ölkəni ciddi təhdidlərdən qoruyan forma geyən kişilərimiz və qadınlarımız COVID-19-a yoluxmaqdan mümkün qədər qorunmalıdır. Düşünürəm ki, bu, xüsusilə vacibdir, çünki qoşunlarımız dünyanın bir çox yerlərində peyvənd nisbətlərinin aşağı olduğu və xəstəliklərin yayıldığı yerlərdə xidmət edirlər" – deyə, prezident bildirib.