Accessibility links

Bayden və Poroşenko Rusiyaya qarşı sanksiyaların saxlanılmasına çağırır


ABŞ-ın vitse-prezidenti Co Bayden və Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın şərqində münaqişənin nizamlanması məqsədilə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi istiqamətində növbəti addımları müzakirə edib. Söhbət zamanı Bayden və Poroşenko Rusiyaya qarşı sanksiyaların saxlanılmasına çağırıb.

ABŞ-ın vitse-prezidenti və Ukrayna prezidenti Ukraynanın şərqində vəziyyəti çərşənbə axşamı günü telefon söhbəti zamanı müzakirə ediblər.

“Liderlər Minsk razılaşmalarının tam yerinə yetirilməsinə qədər Rusiyaya qarşı sanksiyaların saxlanılmalı olduğunu qeyd ediblər”-deyə Ağ Evin açıqladığı bəyanatda bildirilir.

Almaniya kansleri Angela Merkel, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroşenko Berlində danışıqlar zamanı
Almaniya kansleri Angela Merkel, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Ukrayna prezidenti Petro Poroşenko Berlində danışıqlar zamanı

Oktyabrın 19-da Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri razılaşmaların yerinə yetirilməsini müzakirə etmək üçün Berlində görüş keçiriblər. Bu görüşdən sonra Poroşenko Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazilərə ATƏT-in silahlı polis qüvvələrinin missiyasının göndərilməsinə dair razılığın əldə edildiyini elan edib.

Polis qüvvələrinin missiyasının əsas vəzifəsi Ukraynanın şərqində seçkilərin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Bu, Minsk razılaşmalarının əsas şərtlərindən biridir.

Ağ Evin verdiyi bəyanata əsasən, Bayden və Poroşenko “gərginliyin azaldılmasının vacibliyi və Donbasda təmas xətti boyu hərbi qüvvələrin ayrılmasının davam etdirilməsinin zəruriliyini” qeyd ediblər.

Prezident Poroşenkonun mətbuat xidmətinin verdiyi məlumata görə, söhbət zamanı “Minsk razılaşmalarının yerinə yetirilməsinə və Ukraynanın ərazi bütövlüyünün bərpasına yardım məqsədilə Amerika tərəfin aktiv şəkildə işə cəlb olunması kursunun davam etdirilməsinin vacibliyi” vurğulanıb.

XS
SM
MD
LG