Accessibility links

Belarusda siyasi məhbus məhkəmədə boğazını kəsməyə cəhd edib


Minskdəki məhkəmə zamanı siyasi məhbus Stepan Latipov boğazını kəsməyə cəhd edib. Bu barədə “Vesna” insan haqları mərkəzi xəbər verir. Latipov keçən ilin sentyabrında saxlanılıb. O, Dəyişikliklər Meydanı deyilən ərazidə yaşayırdı. Bu Minsk həyətinin sakinləri ölkədəki zorakılığa və qanunsuzluğa qarşı fəal şəkildə etiraz etmişdilər. Latipova üç maddə üzrə ittiham irəli sürülüb: ictimai qaydanı kobud şəkildə pozan qrup hərəkətlərinin təşkili, polis əməkdaşlarına müqavimət və geniş miqyasda saxtakarlıq. Stepan Latipov isə özünü təqsirli bilməyib.

Latipovun məhkəməsi iyunun 1-də başlayıb. Fasilədən sonra Stepanın atası şahid qismində dindirilib. Bundan sonra siyasi məhbus deyib: "Ata, səninlə görüşdükdən sonra GUBOPiK yanıma gəldi və söz verdi ki, günahımı boynuma almasam, "press xata" olacaq və qohumlarım və qonşularım haqqında cinayət işləri qaldırılacaq. Məndə "press xata" 51 gün olub. Odur ki, hazır ol" - deyə, "Vesna" insan haqları mərkəzi müttəhimə istinadən bildirir.

“Naşa Niva” xəbər verir ki, bundan sonra Stepan Latipov skamyaya çıxaraq, boğazını qələmlə deşib.

"Naşa Niva" Latipovun yanında sənədləri olan bir qovluğunun olmasına aydınlıq gətirib. Stepan ondan bir cisim çıxarıb və çox güman ki, bu, qələm olub. O, ayaqlarını barmaqlığın üstünə söykəyib boğazına zərbə endirib və ya kəsməyə çalışıb. Sonra yıxılıb əllərini kəsməyə başlayıb.

Mühafizəçilər qəfəsi dərhal aça bilməyib, onların açarları olmayıb. Açar o anda zalda olmayan birində olub. Qəfəs açılarkən Stepan artıq huşunu itirmişdi.

Məhkəməyə təcili yardım gəlib. "Vesna" xəbər verir ki, Latipov süni komaya salınıb.

Daha sonra Stepan Latipovun əməliyyat olunduğu məlum olub. "Həyati orqanlarda xəsarət yoxdur. İndiyə qədər süni ventilyasiya ilə anesteziya altındadır. Vəziyyəti qənaətbəxşdir. Xəstəxanaya yerləşdirilməsi planlaşdırılır" - deyə, həkimlər hüquq müdafiəçilərinə bildiriblər.

Latipovun atası aprelin 11-dən bəri Stepanın ruhi xəstəliyi olan insanlarla birlikdə istintaq təcridxanasında saxlandığını deyib.

XS
SM
MD
LG