Accessibility links

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti İdman Arbitraj Məhkəməsinin rusiyalı idmançılarla bağlı qərarını tənqid edib


Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax İdman Arbitraj Məhkəməsinin rusiyalı 28 idmançının dopinqlə əlaqədar Olimpiya Oyunlarından uzaqlaşdırılması qərarını ləğv etməsini “olduqca məsyusedici və təəccüblü qərar” adlandırıb.

“Beynəlxalq Olimpiya Komitəsi, biz heç vaxt bunu gözləməzdik. Biz hesab edirik ki, bu qərar İdman Arbitraj Məhkəməsinin daxili strukturunda islahatlara təcili ehtiyac olduğunu göstərir”, o cümə günü Qış Olimpiya Oyunlarının başlayacağı Pxençxanda bildirib.

İdman Arbitraj Məhkəməsinin baş katibi Mattyu Reeb
İdman Arbitraj Məhkəməsinin baş katibi Mattyu Reeb

İdman Arbitraj Məhkəməsi cümə axşamı günü kifayət qədər dəlilin olmadığını əsas gətirərək, rusiyalı 28 idmançının dopinqlə əlaqədar oyunlarda iştirakına qoyulan qadağanı ləğv edib. Rusiya Pxençxana 28 idmançıdan 15-ni göndərmək istədiyini bildirib. Bunlar arasında qızıl medallar almış Aleksandr Tretyakov və Aleksandr Leqkov da göstərilib. Rusiyanın 2014-ci ildə Soçidə Qış Olimpiya Oyunlarında iştirak etmiş bobsley idmançılarının çoxu artıq idmanı tərk edib.

Biz hesab edirik ki, bu qərar İdman Arbitraj Məhkəməsinin daxili strukturunda islahatlara təcili ehtiyac olduğunu göstərir.
Tomas Bax

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti deyib ki, Fransanın idman naziri Valeri Forneyronun sədrlik etdiyi müstəqil heyət Rusiyanın dopinq işini nəzərdən keçirib, öz tövsiyələrini verəcək. O, yekun qərarın “gələn bir neçə gün ərzində veriləcəyinə” ümid etdiyini bildirib.

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın 169 idmançısını “Rusiyadan Olimpiya idmançıları” komandasının tərkibində neytral bayraq altında Pxençxanda yarışlarda iştirak etməyə dəvət edib.

Komitənin sözçüsü Mark Adams bildirib ki, onun təşkilatı İdman Arbitraj Məhkəməsinin qərarını nəzərdən keçirmək və ondan appellyasiya etmək hüququna malikdir.

XS
SM
MD
LG