Accessibility links

Bayden Beynəlxalq Cinayət Məhkəməsinin İsrail və HƏMAS rəsmilərinin həbsinə dair çağırışını rədd edir


ABŞ prezidenti Co Bayden cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qallant, habelə Qəzzada HƏMAS-ın üç yüksək səviyyəli rəsmisinin yeddi aydır davam edən müharibədə hərbi cinayətlər ittihamı ilə həbsinə order verilməsi ilə bağlı çağırışlarını rədd edib.

Baydenə Ağ Evdə keçirilən mətbuat konfransında məhkəmənin bu həftə iddia etdiyi kimi, ABŞ-ın İsrailin HƏMAS militantları ilə mübarizədə fələstinlilərin aclığından müharibə aləti kimi istifadə etdiyinə dair hər hansı sübutu olub-olmadığı ilə bağlı sual verilib.

Bayden suala birbaşa cavab verməyib. Lakin "Biz Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını onun həyata keçirdiyi şəkildə tanımırıq və bu, bu qədər sadədir" deyib.

İsrailin uzun müddətdir dəstəkçisi olan Bayden müharibənin gedişatına toxunaraq, "Biz İsrailin etdikləri ilə HƏMAS-ın etdikləri arasında ekvivalentlik olduğunu düşünmürük" deyə, bildirib.

İsrail-HƏMAS müharibəsi HƏMAS-ın oktyabrın 7-də İsraildə 1200 insanın ölümünə və 250-yə yaxın insanın girov götürülməsinə gətirib çıxaran gözlənilməz hücumu ilə başlayıb. Qəzza Səhiyyə Nazirliyi İsrailin Qəzzada həyata keçirdiyi əks-hücumu zamanı mülki vətəndaşlar və döyüşçülər olmaqla, 35,700-dən çox fələstinlinin öldürüldüyünü, ölənlərin əksəriyyətinin isə qadın və uşaqlar olduğunu bildirib.

Medianın cümə axşamı bildirdiyinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Borns İsrailin Mossad rəhbəri və Qətərin baş naziri ilə görüşmək üçün tez bir zamanda Avropaya səfər edəcəyi gözlənilir. Səfərin məqsədi Qəzzada hələ də saxlanılan girovların azad edilməsi və bu ərazidə atəşkəsin bərqərar olması ilə bağlı danışıqlar aparmaqdır.

Atəşkəs üçün danışıqlar aylardır səngiyib. Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrikanın Qəzzada atəşkəs əmri vermək üçün təcili tələbi ilə bağlı qərarı cümə günü verəcəyini açıqlayıb.

Keçən həftə Cənubi Afrika İsrailin Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşən Rəfaha hücumuna cavab olaraq təcili tədbirlər görülməsini istəyib. Birləşmiş Millətlər Təşkilatı orada potensial humanitar fəlakət barədə xəbərdarlıq edib.

Forum

XS
SM
MD
LG