Accessibility links

Bayden İndoneziya lideri ilə görüşündə müsəlman dünyasının Qəzza ilə bağlı fikirlərini dinləyəcək


ABŞ prezidenti Co Bayden bazar ertəsi günortadan sonra Ağ Evdə İndoneziya prezidenti Coko Vidodo ilə görüşü zamanı müsəlman dünyasının Qəzza müharibəsi ilə bağlı fikirlərini dinləməyə hazırlaşır.

Vidodo Vaşinqtona ABŞ ilə ölkəsi arasında diplomatik əlaqələri ən yüksək səviyyəyə, "hərtərəfli strateji tərəfdaşlıq" səviyyəsinə yüksəltmək üçün gəlib.

Baydenin və Vidodonun Qəzzadakı münaqişəyə dair baxışları bir-birindən fərqlidir. Bayden İsraili dəstəkləyir, Vidodo isə dərhal atəşkəs tələb edərək, Birləşmiş Millətlər Təşkilatının oktyabr ayının 7-dən bəri hər iki tərəfin törətdiyi iddia edilən müharibə cinayətlərinə dair sübutlar toplayan komissiyasını dəstək verir.

Vidodo Baydenlə bu həftə sonu Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammitində iştirak etdikdən dərhal sonra görüşəcək.

Sammit Ərəb Liqası da daxil olmaqla, əksəriyyəti müsəlman olan 57 dövləti bir araya gətirib. Sammitin qətnaməsində İsrailin Qəzzadakı hərəkətlərini özünümüdafiə kimi əsaslandırması rədd edilib və müharibənin dərhal dayandırılması tələb edilib. Sənəddə İsrailə silah satışının dayandırılmasına və humanitar yardıma çıxışın artırılmasına çağırılıb.

Bazar günü axşam Vaşinqtondan virtual olaraq mətbuata açıqlama verən Vidodo sammitin qətnamələrini Baydenə çatdıracağını deyib. "İsrail törətdiyi qəddarlıqlara görə məsuliyyət daşımalıdır" - deyə, o bildirib.

Yüksək səviyyəli administrasiya rəsmisi bazar günü brifinq zamanı Amerikanın Səsinə deyib ki, "Prezident Bayden prezident Vidodonun eşitdiklərini, onun Səudiyyə Ərəbistanında və digər ərəb və Yaxın Şərq ölkələri liderləri ilə apardığı müzakirələrə dair fikirlərini diqqətlə dinləyəcək".

Forum

XS
SM
MD
LG