Accessibility links

Bayden Ukraynaya göndərilən tank əleyhinə raketlər istehsal edən amerikalı işçiləri alqışlayır


Prezident Co Bayden Alabama ştatının Troy şəhərində Lockheed Martin şirkətinin Javelin tank əleyhinə raketlər istehsal edən istehsalat müəssisəsində işçilərlə söhbət edir, 3 may 2022-ci il.
Prezident Co Bayden Alabama ştatının Troy şəhərində Lockheed Martin şirkətinin Javelin tank əleyhinə raketlər istehsal edən istehsalat müəssisəsində işçilərlə söhbət edir, 3 may 2022-ci il.

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı Alabama ştatında Lockheed Martin şirkətinin ABŞ-ın Ukraynaya göndərdiyi tank əleyhinə Javelin raketləri də daxil olmaqla silahlar istehsal etdiyi zavodu ziyarət edib.

ABŞ prezidenti zavodun işçiləri qarşısında çıxış edərək, administrasiyasının Ukraynaya göstərdiyi təhlükəsizlik yardımından danışıb və ukraynalı döyüşçülərə göndərilən tank əleyhinə raketlər istehsal edən işçilərin “Ukrayna xalqının özünü müdafiə etməsinə imkan verdiyini” deyib.

“Sizin hazırladığınız silahlar Ukrayna qəhrəmanlarının əlindədir. Gördüyünüz işlərə görə sizə təşəkkür edirəm”, ABŞ prezidenti bildirib.

Bayden Alabama ştatının Troy şəhərində Lockheed Martin zavodunun 265 işçisinin Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı mübarizəsində oynadığı xüsusi rolu vurğulayaraq, onları İkinci Dünya Müharibəsi zamanı Amerikanın hərbi sursat istehsal edən işçiləri ilə müqayisə edib.

“Biz avtokratiya və demokratiya arasında davam edən döyüşdə tarixin dönüş nöqtəsindəyik”, Bayden bildirib.

“Əgər siz diktatorlara qarşı durmasanız, onlar irəli gəlməyə davam edəcəklər”, Bayden Rusiya prezidenti Vladimir Putinin adını çəkmədən əlavə edib.

Amerika lideri bildirib ki, bir metr uzunluğunda çiyindən atılan raketlər Rusiya tanklarına elə böyük zərər vurub ki, bəzi ukraynalı valideynlər yeni doğulan oğullarına Javelin, qızlarına isə Javelina adı qoyurlar.

Javelin raketlərinin hər birinin qiyməti 200 000 dollardan çoxdur və Bayden ABŞ-ın Ukraynanın Rusiyanın təcavüzünə qarşı mübarizəsinə dəstəyin “ucuz olmayacağını” etiraf edib.

Hərbi təhlilçilərin bildirdiyinə görə, döyüşlərdə 1000-ə yaxın Rusiya tankı məhv edilib, onların çoxu 2500 metrə qədər məsafəni qət edə bilən Javelin raketləri ilə vurulub.

ABŞ prezidenti həmçinin Konqresi Ukraynaya artıq təsdiqlənmiş 13,6 milyard dollara əlavə olaraq, 33 milyard dollarlıq hərbi və iqtisadi yardım haqda müraciətinə tez zamanda cavab verməyə çağırıb.

Ağ Ev bundan öncə Baydenin Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə kömək etmək məqsədilə maliyyənin tez zamanda Konqresdə təsdiq edilməsi haqda müraciəti ilə bağlı açıqlamalar verəcəyini bildirmişdi.

XS
SM
MD
LG