Accessibility links

Bayden Ukraynadakı müharibəni NATO müttəfiqləri ilə müzakirə edəcək


Co Bayden
Co Bayden

ABŞ Prezidenti Co Bayden çərşənbə günü Brüsselə səfər edir. Orada onun NATO və Avropa müttəfiqləri ilə görüşəcəyi və Ukraynaya hərbi müdaxiləsi səbəbilə Rusiyaya qarşı yeni sanksiyalar elan edəcəyi gözlənilir.

“O, təfərdaşlarımıza qoşularaq Rusiyaya əlavə sanksiyalar tətbiq edəcək və mövcud sanksiyaları gücləndirəcək ki, onlardan yayınmağın qarşısı alınsın və onların möhkəm şəkildə həyata keçirildiyi təmin olunsun,” Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə qxşamı NATO sammitində virtual çıxış edəcəyi gözlənilir. O, iclasdan öncə Qərb liderlərinin həm Rusiyaya əlavə sanskiyaların tətbiqi, həm də Ukraynaya daha çox yardım vəd edəcəklərini gözlədiyini deyib.

Rusiya qüvvələrinin Ukraynaya müdaxilə etməsindən demək olar ki, bir ay keçir və Ukrayna qüvvələrinin hücuma keçdikləri və Rusiya qoşunlarını hədəf aldıqları, bəzi hallarda isə itirdikləri torpaqları geri aldıqlarına dair əlamətlər artır.

Ukraynanın Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, qüvvələri ağır döyüşlərdən sonra Kyiv yaxınlığındakı Makarovi geri alıblar.

Belə görünür Ukrayna ordusu, həmçinin Xarkivin 120 kiilometr cənub-şərqi İzyum şəhərində, eləcə də ölkənin cənubunda Zerson şəhərinin ətrafındakı ərazilərdə əks-hücum əməliyyatı keçirir.

ABŞ rəsmiləri Ukraynanın səyləri barədə şərh veməyi rədd edib, ancaq deyib ki, belə görünür ölkənin bəzi hissələrində impuls dəyişir.

“Biz ukraynalıların hücuma keçdiklərinə dair işarələr görürük,” Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə axşamı müxbirlərə deyib.

“Onlar müdafiə etməli olduqlarını düşündükləri yerləri çox ağıllı, çevik və kreativ şəkildə müdafiə ediblər. İndi isə biz onların, xüsusilə də cənub Xerson yaxınlığında itirdikləri ərziləri geri almağa çalışdıqlarını görürük” - deyə, o əlavə edib.

Başqa ABŞ rəsmiləri isə Rusiyanın hərbi əməliyyatları ilə bağlı daha açıq danışıb.

“Rusiya indiyədək açıq-aşkar uğursuzluğa düçar olub,” Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Kremlin Ukrayna ilə bağlı planları haqda deyib.

“Rusiyanın bir şəhər, qəsəbə və ya daha çox ərazi almasından asılı olmayaraq, onlar heç vaxt qarşılarına qoyduqları məqsədə…bu ölkəni tabe etmək məqsədinə nail olmayacaqlar,” o deyib. “Ukraynanın cəsur vətəndaşları tabe olmaqdan imtina edirlər. Onlar mübarizə aparırlar”.

Rusiya Müdafiə Nazirliyi isə Telegramda ingilis dilindəki kanalında tamamilə fərqli bir mənzərə təsvir edib, Ukrayna qüvvəlıri qaçdığı bir vaxt Ukraynanın cənub-şərqinə doğru irəliləyən Rusiya qüvvələrini tərifləyib və Ukraynanın yanacaq anbarlarını və mövqelərini “yüksək dəqiqliklə uzaqmənzilli” silahlarla sıradan çıxarmaqda müvəffəq olduğunu iddia edib.

Müxbirlərlə adının anonim qalması şərtilə danışan ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi Azov dənizindəki Rusiya gəmilərinin günlərdir şiddətli atəşə məruz qalan Ukraynanın Mariupol şəhərini bombalamağa başladığını təsdiqləyib.

Ancaq rəsmi deyib ki, başqa kəşfiyyat materialları Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin logistik kabusa çevrildiyinə işarə edir. Belə ki, Rusiya qüvvələri yanacaq, qida və dəqiq idarə olunan döyüş sursatlarının çatışmazlığından əziyyət çəkir.

Pentaqon rəsmiləri çərşənbə axşamı deyib ki, bu çatışmazlıqlara Rusiyanın “ən azından bir dəfə” Ukraynanın hərbi anbarını sıradan çıxarmaq üçün qabaqcıl hipersonik raketdən istifadə etməsi səbəb ola bilər.

Bu arada Bİrləşmiş Ştatlar xəbərdarlıq edib ki, Rusiya Ukraynada öz məqsədlərinə çatmamasının acığını getdikcə daha çox mülki vətəndaşlardan çıxarır.

“Aydındır ki, mülki vətəndaşlar arasında tələfatlar var və aydındır ki, rusların fərq qoymadan hücumlar həyata keçirməsi nəticəsində tələfatlar hər gün artır,” Kirbi Pentaqonda müxbirlərə deyib.

Rusiya dəfələrlə müharibə cinayətləri ittihamlarını rədd edib. Bİrləşmiş Ştatlar və digər Qərb ölkələri isə Rusiyanın Ukraynada kimyəvi və bioloji, və ya hətta nüvə silahlarından istifadə etməyə hazırlaşdığına dair narahtlıqlarını ifadə ediblər.

“Əgər bu, ölkəmiz üçün ekzistensial təhlükədirsə, ondan bizim konsepsiyamıza uyğun istifadə etmək olar,” Kremlin sözçüsü Dmitri Peskov çərşənbə axşamı ABŞ-da qərargahlanan CNN televiziya kanalında Moskvanın nüvə arsenalından istifadə etməyi nəzərdən keçirib-keçirmədiyinə dair suala cavab olaraq bildirib.

“Bizim daxili təhlükəsizlik anlayışımız var və o ictimaidir. Nüvə silahlarından istifadə edilməsinin bütün səbəblərini oxuya bilərsiniz,” o əlavə edib.

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Ağ Ev və Pentaqon rəsmiləri isə buna yaxından nəzarət etməkdə davam edirlər.

“Biz bu potensial fövqəladə halı daim izləyirik və əlbəttə ki, onu mümkün qədər ciddiyə alırıq,” Ceyk Sallivan müxbirlərə deyib. “Biz bu potensial fövqəladə vəziyyətlə bağlı müttəfiqlər və tərəfdaşlarımızla məsləhətləşəcək və potensial cavablarımızı müzakirə edəcəyik.”

XS
SM
MD
LG