Accessibility links

Bir neçə ölkə koronavirusun mutasiya uğramış yeni növü ilə əlaqədar Britaniyaya hava səyahətlərini qadağan edir


Avropa və Yaxın Şərqin bir neçə ölkəsi bu ay İngiltərədə koronavirusun mutasiya uğramış yeni növünün yayılması ilə əlaqədar narahatlıqların artması səbəbi ilə Britaniyaya hava səyahətini qadağan edir.

İrlandiya, İtaliya, Avstriya və Belçika Hollandiyaya qoşularaq koronavirusun yeni növü ilə əlaqədar Britaniyadan uçuşları qadağan edib. Küveyt və İsrail də eyni addımı atıb. Avropa İttifaqı tövsiyələri müzakirə etmək üçün görüş keçirdiyi zaman digər ölkələr də uçuşlarla bağlı qadağanı nəzərdən keçirir.

Britaniya alimləri hazırda koronavirusun mutasiya uğramış yeni növünün virusa qarşı yeni hazırlanmış vaksinlərə müqaviməti olub-olmadığını araşdırır.

Koronavirusun yeni növü dekabrın 13-də İngiltərənin cənubunda Kent dairəsində təsdiq edilib. İlkin təhlillər onun “hazırkı növlərdən daha sürətlə yayıldığını” göstərir.

Bu yeni növ sentyabr ayında bir pasiyentdə aşkar edilib. Keçən ay və dekabr ayında yoluxma hallarında artım müşahidə edildikdən sonra alimlər koronavirusun mutasiya uğramış daha yoluxucu yeni növü ilə qarşılaşdıqlarını aşkar edib.

“Biz COVID-19 virusunun yeni variantı ilə əlaqədar olaraq Britaniya rəsmiləri ilə yaxından əlaqə saxlayırıq. Onlar öz təhlilləri və davam etdirilən tədqiqatların nəticələrini bölüşməyə davam edəcək. Biz virusun növünün xüsusiyyətləri və bunun nəticələri ilə tanış olduqca üzv ölkələri və ictimaiyyəti məlumatlandıracağıq”, Ümumdünya Səhiyyə Təşkilatı Twitter səhifəsində bildirib.

Britaniyanın baş naziri Boris Conson koronavirusun mutasiya uğramış yeni növünün yayılması ilə əlaqədar narahatlıqların artdığı vaxt cümə günü kabinet üzvləri ilə planlaşdırılmamış iclas keçirib.

Conson şənbə günü mətbuat konfransı zamanı vaksinlərin virusun yeni növünə qarşı daha az effektiv olduğuna dair dəlil olmadığını deyib, lakin əlavə edib ki, yeni növ əvvəlki növlərdən 70 faiz daha yoluxucudur.

XS
SM
MD
LG