Accessibility links

Birləşmiş Ştatlar bildirib ki, Belarus ABŞ səfirliyini yardım ofisini qapatmağa məcbur edir


ABŞ-ın Minskdəki səfirliyi oktyabrın 29-da bildirib ki, Belarus hökuməti avtoritar ölkədə minlərlə insana fayda verən humanitar və yardım proqramlarını “qapatması” üçün səfirliyə təzyiq göstərir.

Avtoritar lider Aleksandr Lukaşenko hökuməti ötən avqustda mübahisəli səsvermədə yenidən seçilməsinə qarşı etirazlar başlayandan bəri vətəndaş cəmiyyəti qruplarını və demokratiya tərəfdarı müxalifəti sıxışdırıb və bu da Qərbin Belarusa qarşı bir neçə mərhələli sanksiyalar tətbiq etməsinə səbəb olub.

ABŞ səfirliyinin bəyanatında deyilir ki, rəsmilər səfirliyi missiyanın İctimai Diplomatiya və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ofislərini, habelə Amerika Mərkəzini bağlamağa məcbur etməklə missiyanın “fəaliyyətinə mane olmaq üçün nəzərdə tutulmuş” yeni tədbirlər barədə məlumatlandırıblar.

Bu addım həmçinin səfirliyi 20-dən çox belarus əməkdaşının işini dayandırmağa məcbur edir.

“Bu hərəkətlər Belarus hakimiyyətinin diplomatiya, insanlar arasında əlaqələr və müstəqil vətəndaş cəmiyyətinin rolu ilə bağlı dərin etibarsızlığını əks etdirir” - deyə, səfirlik bildirib.

Səfirlik qeyd edib ki, ABŞ hökumətinin inkişafa yardım və vətəndaş cəmiyyəti proqramları 1990-cı illərdən belaruslulara fayda verib.

Səfirlik həmçinin bildirib ki, ABŞ fondları sahibkarlıq, biznesin inkişafı, vətəndaş cəmiyyəti, müstəqil media, radiasiyanın təsirinə məruz qalan ərazilərdə yaşayan ailələr və 36 mindən çox kimsəsiz və yardıma ehtiyacı olan insana dəstək verib.

“Rejimin yeni məhdudiyyətlərinə baxmayaraq, biz Belarusda fundamental azadlıqları gücləndirmək öhdəliyimizdən çəkinməyəcəyik. Belarusda səhiyyə, təhsil və iqtisadi inkişafı dəstəkləmək üçün səylərimiz davam edəcək” – deyə, Vaşinqtonun Belarus üzrə xüsusi nümayəndəsi Culi Fişer Twitterdə bildirib.

2008-ci ildən bəri ABŞ-ın Belarusa təyin olunan ilk səfiri Fişer Belarus hökuməti ona viza vermədiyi üçün Minskdəki vəzifəsinin icrasına başlaya bilməyib.

Mühacirətdə olan müxalifət lideri Svetlana Tixanovskaya deyib ki, o, ABŞ-Belarus münasibətlərinin inkişafına verdiyi dəstəyə görə ona minnətdardır.

“Onlar yeni Belarusa qayıdacaqlar. Onlardan belaruslar üçün işi davam etdirmələrini xahiş edirəm – biz bu ardıcıl dəstəyi görürük və qiymətləndiririk” – deyə, Twitterdə yazıb.

Müxalifət və Qərb bildirir ki, ötən ilki prezident seçkilərinin həqiqi qalibi Tixanovskayadır.

XS
SM
MD
LG