Accessibility links

Blinken Ukrayna, Moldova və Gürcüstanla bağlı narahatlıqlar fonunda Şərqi Avropaya yollanır


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

Dövlət Departamenti bildirdiyinə görə, ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Ukraynada irəliləyişləri, Rusiyanın Moldovaya potensial müdaxiləsi və Gürcüstanda moskvayönlü qanunvericiliyin qəbulu ilə bağlı artan narahatlıqlar fonunda bu həftə Şərqi Avropaya səfər edəcək.

Blinken çərşənbə günü Moldovanın paytaxtı Kişinyova gedəcək, cümə axşamı və cümə günləri Praqada NATO xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Bu, iyul ayında Vaşinqtonda NATO-nun 80 illiyinə həsr olunmuş liderlər sammitindən əvvəl sonuncu böyük diplomatik toplantı olacaq.

Səfər Blinkenin Ukraynaya gözlənilməz səfərindən iki həftə sonraya təsadüf edir. Həmin səfər zamanı dövlət katibi Kyivi Rusiyanın ölkənin şimalında intensivləşən hücumları qarşısında Vaşinqtonun dəstəyinə inandırıb.

Rusiyanın Moldova ilə bağlı yeni addımlar atmağı düşündüyünə, ABŞ-ın Moldova və Gürcüstanın Avropaya inteqrasiya istəklərinə zidd olan anti-Qərb addımlarının arxasında dayandığına dair işarələr var.

Dövlət Departamentindən verilən məlumata görə, Kişinyovda Blinken Moldova prezidenti Maya Sandu ilə görüşərək, ABŞ-ın Moldovanın Avropa İttufaqına üzvlük istiqamətində irəliləyişinə dəstəyini bir daha təsdiq edəcək.

ABŞ-ın Avropa üzrə baş diplomatı Ceyms O'Brayn Blinkenin mübahisəli Dnestryanı ərazisində 1500 rus əsgərinin yerləşdiyi Moldovaya "güclü" dəstək paketi elan edəcək.

"Hazırda biz birbaşa hərbi təhlükə görmürük. Lakin Rusiyanın təsir əməliyyatları davam edir və bu, narahatlıq doğurur" - deyə, O'Brayn dəstək paketi haqqında ətraflı məlumat vermədən jurnalistlərə bildirib.

Praqada Blinken Çexiyanın xarici işlər naziri Yan Lipavski və digər rəsmilərlə görüşərək, Çexiyanın Kyivi əlavə sursatla təmin etmək təşəbbüsünü müzakirə edəcək. Sonra isə NATO-nun iclasında iştirak edəcək.

Forum

XS
SM
MD
LG