Accessibility links

ABŞ Dövlət katibi Antoni Blinkenin Pekinə səfər edəcəyi gözlənilir


ABŞ Dövlət katibi Antoni Blinkenin ABŞ üzərində uçan Çin casus şarı da daxil olmaqla, gərginliklərin davam etdiyi bir vaxt fevral ayında ləğv edilmiş səfərini yenidən planlaşdıraraq, yaxın həftələrdə Pekinə səfər edəcəyi gözlənilir.

Adlarının açıqlanmaması şərti ilə danışan rəsmilər jurnalistlərlə yeni planın müzakirə edildiyini bildirsələr də, Çinə gözlənilən səfərin dəqiq tarixi barədə məlumat verməyiblər.

The Financial Times xəbər verir ki, səfər bu ay baş tuta bilər.

Bazar ertəsi məsələ ilə bağlı sualı cavablandıran Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlərə deyib ki, Blinkenin Çinə səfəri ilə bağlı heç bir yenilik yoxdur, lakin Birləşmiş Ştatlar bu səfəri "şərait imkan verdiyi təqdirdə" yenidən planlaşdırmağı səbirsizliklə gözləyir.

Dövlət Departamentinin Şərqi Asiya üzrə rəsmisi Daniel Kritenbrink və Milli Təhlükəsizlik Şurasının Çin üzrə baş direktoru Sara Beran bu həftənin əvvəlində Cinə səfər edib. Patel onların Çin rəsmiləri ilə "səmimi və məhsuldar müzakirələr" apardığını bildirib.

"Səmimi, konstruktiv və məhsuldar" , Patel deyib.

Çin Xarici İşlər Nazirliyi bu danışıqları "Çin-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına və fikir ayrılıqlarının düzgün idarə olunmasına yardım üçün səmimi, konstruktiv və səmərəli ünsiyyət" adlandırıb.

Patel ABŞ və Çin rəsmilərinin istər Pekində, istərsə də Vaşinqtonda şəxsən görüşməsinin zəruriliyini vurğulayaraq, "müzakirələrimizi davam etdirmək üçün bu görüşlərin əvəzsiz" olduğunu deyib.

ABŞ müdafiə naziri Lloyd Ostin keçən həftə Sinqapurda keçiriləcək təhlükəsizlik konfransı öncəsi böyük dövlətlərin açıq kommunikasiya xətlərinin olmasının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG