Accessibility links

Blinken Qəzzada atəşkəsə çağırmaq üçün İsraildə səfərdədir


BMT Təhlükəsizlik Şurası ABŞ-ın "dərhal" atəşkəsə çağıran qətnamə layihəsinə səs verməyə hazırlaşdığı bir vaxtda, Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken İsraillə HƏMAS militant qruplaşması arasında atəşkəs əldə edilməsi üçün Tel-Əvivdə İsrailin yüksək səviyyəli rəsmiləri ilə görüşüb.

Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşdükdən sonra İsrailin hərbi kabineti ilə onları Qəzzanın cənubundakı Rəfah şəhərinə hərbi hücum etməməyə inandırmaq üçün müzakirələr aparıb. Bir çoxlarının fikrincə, bu hücum ərazidəki humanitar böhranı daha da artıracaq.

İsrail planlaşdırılan hücumun HƏMAS-ı məğlub etmək və ABŞ-ın terrorçu kimi tanıdığı qruplaşmanın oktyabrın 7-də olduğu kimi İsrailə başqa bir hücum həyata keçirə bilməməsi üçün lazım olduğunu bildirir.

ABŞ səfiri Linda Tomas-Qrinfildin sözçüsü bəyanatında bildirib ki, Birləşmiş Ştatların cümə günü BMT Təhlükəsizlik Şurasına "girovlarla bağlı razılaşmanın bir hissəsi olaraq, Qəzzada dərhal atəşkəsin təmin edilməsinə yönəlmiş davamlı diplomatik səyləri birmənalı şəkildə dəstəkləyəcəyi" qətnamə layihəsi təqdim edəcəyi gözlənilir.

ABŞ rəsmiləri altı həftəlik atəşkəs və İsrail tərəfindən saxlanılan fələstinli məhbusların azad edilməsi müqabilində HƏMAS militantları tərəfindən saxlanılan girovların azad edilməsinə dair mətn üzərində danışıqlar aparır.

Blinken atəşkəsin təmin edilməsi, girovların azad edilməsi və Qəzzada yardıma çox ehtiyacı olan mülki fələstinlilərə daha çox humanitar yardımın daşınması səyləri ilə bağlı danışıqlar aparmaq üçün cümə axşamı Misirdə olub.

"Bir sıra ortaq prioritetlər ətrafında aydın konsensus var. Birincisi - girovların azad edilməsi ilə yanaşı, dərhal davamlı atəşkəsə ehtiyacdır" - deyə, Blinken Misirin paytaxdında keçirilən mətbuat konfransında bildirib.

O əlavə edib ki, atəşkəs daha çox humanitar yardımın çatdırılmasına imkan verəcək.

Danışıqlarda əsas mübahisə məqamı ondan ibarətdir ki, HƏMAS qalan girovları yalnız müharibəni tamamilə bitirəcək razılaşmanın bir hissəsi kimi azad edəcək. İsrail isə yalnız müvəqqəti fasiləni nəzərdən keçirəcəyini deyir.

Qəzzanın digər bölgələrindən qaçan bir milyondan artıq fələstinlinin çoxu Rəfahda sığınacaq tapıb.

Forum

XS
SM
MD
LG