İsrailin Qəzzada HƏMAS hədəflərinə cavab hücumlarını gücləndirdiyi bir vaxt ABŞ-ın Dövlət katibi Antoni Blinken bu həftə Yaxın Şərqə səfər edəcək.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller çərşənbə günü keçirdiyi brifinqdə "Dövlət katibi Blinken cümə günü İsrail və İordaniyaya səfər edəcək və Baş nazir (Benyamin) Netanyahu və İsrail hökumətinin digər liderləri ilə görüşəcək, onların hərbi məqsədləri barədə yeni məlumatlar alacaq" deyib.
Miller deyib ki, Blinken israillilərlə mülki əhali arasında itkiləri minimuma endirilməsi tədbirlərinin vacibliyindən danışacaq.
Dövlət Departamentinin bildirdiyinə görə, Dövlət katibi İordaniyada ABŞ və İordaniyanın Qəzzada mülki əhaliyə ən vacib humanitar yardımın artırılmasına və davamlı şəkildə çatdırılmasına yardım öhdəliyini müzakirə edəcək.
Miller eləcə də onların əsas xidmətlərin bərpası və fələstinlilərin Qəzza zolağından məcburi olaraq kənara çıxmamalarını təmin etməyə çalışacaqlarını bildirib.
Çərşənbə günü səhər saatlarında İordaniya İsrailin Qəzzanı bombardman etməsinə, günahsız insanların həyatlarını itirməsi və nəticədə yaranan humanitar böhrana etiraz olaraq İsraildən səfirini geri çağırdığını elan edib. İordaniya bildirib ki, səfiri Tel-Əvivə yalnız İsrail Qəzza zolağında hərbi əməliyyatlarını dayandıracağı təqdirdə qayıdacaq.
İordaniyanın Xarici İşlər Nazirliyi iki həftə əvvəl etirazlar fonunda ölkəni tərk edən İsrail səfirinin də yalnız eyni şərtlərlə geri, İordaniyaya dönməsinə icazə veriləcəyini bildirib.
Amerikanın Səsinin Türk Xidmətinin diplomatik mənbələrə istinadən bildirdiyinə görə, bazar günü Blinken İordaniyadan Ankaraya gedəcək. Lakin Miller Dövlət katibinin Türkiyəyə səfərini təsdiqləməkdən imtina edib.
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan bu yaxınlarda Fələstin tərəfdarı kütləvi mitinqdə İsrailin işğalçı, HƏMAS-ın isə terror təşkilatı deyil, azadlıq hərəkatı olduğunu deyib.
Buna cavab olaraq Miller bazar ertəsi deyib ki, ABŞ çox aydın şəkildə HƏMAS-ın "qəddar terror təşkilatı" olduğunu bildirib.
Forum