Accessibility links

Blinken NATO-nun Baş katibi ilə Ukraynaya hərbi dəstəyi müzakirə edib


ABŞ Dövlət katibi Antoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberqlə alyansın Ukraynaya uzunmüddətli hərbi dəstəyinin gücləndirilməsi ilə bağlı danışıqlar aparıb.

Blinken Stoltenberqlə alyansın 75-ci ildönümünü qeyd etdiyi bir vaxt, iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitinin prioritetlərini müzakirə edib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller "Dövlət katibi Blinken və Baş katib Stoltenberq Ukrayna ilə bağlı müştərək öhdəliyimizi gücləndirmək, NATO-nun Hind-Sakit okean və Avropa İttifaqı tərəfdaşlığını inkişaf etdirmək, eləcə də kollektiv müdafiə öhdəliklərini irəli sürmək kimi məsələləri müzakirə edib" deyib.

"Onlar Finlandiya və İsveçin də qoşulması ilə ittifaqın gücünü, həmçinin müttəfiqlərdən artan investisiyaları qeyd edib" - deyə, Miller əlavə edib.

Stoltenberq çərşənbə günü jurnalistlərə deyib ki, Ukraynaya dəstək könüllü qısamüddətli təkliflərdən daha az, NATO-nun uzunmüddətli öhdəliklərindən daha çox asılı olmalıdır.

Onun sözlərinə görə, ukraynalı komandirlər proqnozlaşdırıla bilən dəstəklə döyüş əməliyyatlarını daha yaxşı planlaşdıra biləcəklər.

"Ukraynanın təcili ehtiyacları var. Yardımın göstərilməsində hər hansı bir gecikmə artıq döyüş meydanında əks olunur”, Stoltenberq bildirib.

Brüssel danışıqları ərəfəsində Blinken yenidən ABŞ Konqresini Ukraynaya hərbi yardım göstərməyə çağırıb.

O, "Biz ukraynalılara özlərini müdafiə etmək üçün lazım olanları, əsasən də sursat və hava hücumundan müdafiə vasitələrini onlara vermədiyimiz tamamilə kritik bir məqamdayıq" deyib.

Konqres Co Bayden administrasiyasının Ukrayna silahlı qüvvələrini yenidən təchiz etmək üçün əlavə büdcə tələbini hələ təsdiq etməyib.

Nümayəndələr Palatasının Respublikaçıları məsələ ilə bağlı fəaliyyəti aylarla gecikdirərək, əsas diqqəti daxili məsələlərə yönəldib.

Forum

XS
SM
MD
LG