“Mehmanın sağlamlıq durumu çox ağırdır. O, qida və sudan imtina edir. Dekabrın 30-da evə zəng etmişdi. Dedim, heç olmzasa su iç. Mehman xahişimi qəbul etmədi. Oğluma kömək lazımdır. Onu telefonla danışmaq üçün əllərində gətirmişdilər”. Bu barədə bloger Mehman Hüseynovun atası Rafiq Hüseynov Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, Mehman Hüseynov 14 saylı cəzaçəkmə müəssisəsindən 1 saylı Bakı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülüb.
Ata yanvarın 1-də oğluna baş çəkmək üçün təcridxanaya gedəcəyini bildirib.
Penitensiar Xidmət blogerin sağlamlıq durumu ilə bağlı hələ məlumat yaymayıb.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. Dekabrın 26-dan etiraz olaraq quru aclığa başlayıb.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.