Accessibility links

BMT Baş Assambleyası tarixi sessiyasını açır


75 illik tarixində ilk dəfə Birləşmiş Millətlər Təşkilatının 193 üzv dövlətinin liderləri Baş Assambleyasının açılış günündə COVID-19 pandemiyası səbəbi ilə şəxsən deyil, video ilə çıxışlar edəcək.

Çərşənbə axşamı sessiya 1940-cı ildə əsası qoyulmuş on illərlə davam edən ənənəyə uyğun olaraq Braziliya prezidenti Jair Bolsonaronun əvvəlcədən lentə aldığı mesajı ilə başlayacaq, ardınca isə BMT-nin ev sahibi olduğu ölkənin lideri kimi ABŞ prezidenti Donald Trampın çıxışı olacaq.

Çərşənbə axşamı daha sonra əvvəlcədən lentə alınmış çıxışlar arasında digər dünya liderləri - Türkiyədən Rəcəb Tayyib Ərdoğan, Çindən Şi Tsinpin, Rusiyadan Vladimir Putin və Fransadan Emmanuel Makron olacaq.

Sosial məsafəni qorumaq məqsədi ilə Baş Assambleyanın zalında video çıxışları izləmək üçün yalnız hər üzv milləti təmsil edən bir nəfər maskalı nümayəndə olacaq. Həmçinin Avropa İttifaqı və üzv olmayan müşahidəçi Fələstin dövlətindən nümayəndə də zalda izləyicilər arasında olacaq.

BMT 75 illik yubileyini dünya ölkələrinin qlobal koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir vaxt qeyd edir. Son məlumatlara əsasən, hazırda dünya üzrə 31,2 milyondan çox yoluxma və 960 mindən çox ölüm halı qeydə alınıb.

“COVID-19 pandemiyası dünyanın çatışmazlıqlarını ortaya qoydu. Bunları yalnız birlikdə ünvanlaya bilərik” - deyə, BMT-nin baş katibi
Antonio Quterreş koronavirusun səbəb olduğu xəstəliyə toxunaraq deyib.

Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildə İkinci Dünya Müharibəsindən sonra daha bir genişmiqyaslı qarşıdurmanın qarşısını almaq üçün yaradılıb.

"Çoxlarının qorxduğu Üçüncü Dünya Müharibəsinin qarşısı alındı", Quterreş bildirib. "Müasir tarixdə heç vaxt böyük dövlətlər arasında hərbi qarşıdurmalar olmadan bu qədər il keçirməmişik. Bu, üzv dövlətlərin fəxr edə biləcəyi böyük bir nailiyyətdir və bunu qorumağa çalışmalıyıq”.

Amerika Birləşmiş Ştatları Baş ofisi Nyu York şəhərində olan BMT-yə ev sahibliyi edən ölkədir, həm də ən böyük maliyyə yardımçısıdır.

Ancaq Tramp administrasiyası təşkilatı tənqidlərə məruz qoyaraq, Ümumdünya Səhiyyə Təşkilatı və İnsan Hüquqları Şurası da daxil olmaqla bir çox agentliklərə maliyyə ayrılması və əməkdaşlığı dayandırıb.

ABŞ-ın BMT-dəki səfirinin müavini Çerit Norman Şalet (Cherith Norman Chalet) təşkilatın çoxdan həqiqi islahatlara müqavimət göstərdiyini və şəffaflığın olmadığını söyləyib. "Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümü qurumun güclü və zəif tərəfləri barədə suallar vermək, uğursuzluqlarını nəzərdən keçirmək, öyrənmək və uğurlarını qeyd etmək üçün doğru zamandır" - deyə, o qeyd edib.

Adətən təşkilat ildönümünü qeyd etdiyi il qlobal fikri öyrənmək məqsədilə istifadə edir. Belə ki, təxminən 80 ölkədən bir milyondan çox insan təşkilatın işi ilə bağlı qlobal sorğuda iştirak edib.

Sorğuya cavab verənlərin təxminən 90 faizi qlobal əməkdaşlığın bugünkü problemlərlə mübarizə üçün çox vacib olduğunu və pandemiyanın bu beynəlxalq əməkdaşlığı daha da aktuallaşdırdığını söyləyib. Sorğu iştirakçılarının təxminən dörddə üçü Birləşmiş Millətlər Təşkilatının qlobal problemlərin həlli üçün "vacib" olduğunu, eyni zamanda təşkilatda dəyişikliklər və yeniliklər olmasını istəyir.

Baş Assambleya isə öz növbəsində ildönümü ilə əlaqədar olaraq bəyannamə qəbul edib. Burada deyilir: “Birləşmiş Millətlər Təşkilatının gücü və normativ təsirini şərtləndirən legitimliyi olan başqa bir qlobal təşkilat yoxdur. Başqa heç bir qlobal təşkilat bu qədər insana ümid vermir”.

XS
SM
MD
LG