Accessibility links

BMT Bezosun telefonuna mümkün haker hücumu ilə bağlı təhqiqata çağırır


Amazon şirkətinin qurucusu Ceff Bezos

BMT rəsmiləri çərşənbə günü Səudiyyə Ərəbistanlı hakerlərin Amazon şirkətinin təsisçisi Ceff Bezosun telefonunu sındırdığına dair kifayət qədər sübutların olduğunu və həm krallıq, həm də ABŞ-ın bununla bağlı araşdırma aparmalı olduğunu bildiriblər.

Birləşmiş Millətlər Təşkilatı Bezosun təhlükəsizlik qrupu tərəfindən hazırlanmış məhkəmə ekspertizasınının etibarlı olduğunu düşündüyü haqda açıqlama verməyə hazırlaşır. Bezosun telefonuna Səudiyyə şahzadəsi Məhəmməd bin Salmana aid WhatsApp hesabından göndərilən video ilə hücum olunduğu ehtimal edilir.

FTI Consulting şirkətinin hazırladığı hesabatda bildirilir ki, video 2018-ci ilin ortalarında paylaşıldıqdan təxminən bir ay sonra Bezosun telefonundan geniş miqdarda məlumatlar köçürülməyə başlayıb.

Mütəxəssislər söyləyib ki, iş tamamən çözülmüş hesab olunmasa da, dəlillər daha dəqiq təhqiqat aparmaq üçün kifayət qədər güclüdür.

Bu hesabat 2018-ci ildə Cef Bezosun sahibi olduğu Washington Post qəzetinin yazarı, səudiyyəli jurnalist Camal Xaşuqçinin öldürülməsindən sonra krallıq ilə pozulan münasibətlərin daha da korlanmasına gətirib çıxara bilər.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi hesabatı rədd etdiyini bildirib:

"Son dövrlərdə mediada yer alan, cənab Cef Bezosun telefonunu sındırmağın arxasında Krallığın olduğunu bildirən məlumatlar absurddur. Biz istəyirik ki, bu iddialarla əlaqədar araşdırmalar aparılsın və bütün həqiqətlər üzə çıxsın" - deyə, səfirliyin Twitter hesabında yazılan mesajında bildirilir.

Amazon şərh verməkdən imtina edib.

XS
SM
MD
LG