BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən iclasında Birləşmiş Ştatlar kəskin tənqid olunub. Düşmənlərlə yanaşı müttəfiqlər də 47 üzvlük şuranın toplantısında ABŞ-ın ünvanına sərt təpkilər yağdırıblar. Rusiya, Çin, İndoneziya, Meksiko, Britaniya, Avstraliya və İsveçrə Birləşmiş Ştatları edam cəzasını ləğv etməyə, dini tolerantlığı artırmağa, irqi ayrıseçkiliyə son qoymağa və xaricdəki əsgərlərin hüquq pozuntularını araşdırmağa çağırıb. ABŞ dövlət katibinin yardımçısı Ester Brimmer BMT forumuna bildirib ki, Amerika hökuməti “sonda öz vətəndaşları qarşısında məsuliyyət daşıyır.” Bununla belə o, başqa millətlərlə dialoqu davam etdirməyə tərəfdar olduğunu söyləyib. Dünya ölkələri habelə Vaşinqtonu Quantanamodakı məhbəsi bağlamağa və məhbusların saxlanma şəraitini yaxşılaşdırmağa çağırıb.